“Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyi yaradılıb

“Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyi yaradılıb Türk-Ərəb İqtisadi və Strateji Əməkdaşlıq Dərnəyi ilə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
Biznes
22 Aprel , 2017 11:23
“Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyi yaradılıb

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycanda yeni ictimai birlik - “Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyi yaradılıb.

”Report”un verdiyi xəbərə görə, bu gün Bakıda yeni yaradılmış qurumun ictimaiyyət üçün təqdimatı mərasimi keçirilib. 

Birliyin sədri Elşən Rəhimov Azərbaycanla ərəb ölkələri arasında mövcud olan dostluq münasibətlərindən danışıb: "Son illər ərəb ölkələri ilə Azərbaycan arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər, biznes dairələr arasında təmasların artması, Azərbaycana gələn turistlərin sayında artımın müşahidə olunması, əməkdaşlığın inkişafı üçün yeni əlverişli imkanlar yaradır. Gələn ay Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Məhz belə bir vaxtda “Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyinin yaradılması barədə qərar verilib və təşkilat dövlət qeydiyyatına alınıb".

Onun sözlərinə görə, qurumda yerli iş adamları ilə yanaşı, ərəb ölkələrindən olan biznesmenlər də təmsil olunacaq: "Təşkilatın yaradılmasında əsas məqsəd qarşılıqlı ticarət və investisiya yatırımlarının təşviqi vasitəsilə Azərbaycanla ərəb ölkələri arasında iqtisadi tərəfdaşlığı möhkəmləndirmək, dostluq münasibətlərini genişləndirməkdir. Bu istiqamətdə birlik tərəfindən müxtəlif üsullardan, o cümlədən potensial biznes tərəfdaşları arasında dialoqun təmin edilməsi, sərmayə perspektivlərinin təhlil edilərək məlumatlandırma işlərinin aparılması, biznes layihələrinin hazırlanması, biznes mühitin qiymətləndirilməsi, üstünlük və imtiyazlar haqqında iş adamları arasında maarifləndirmə işinin təşkili, ixtisaslaşmış sərgilərin, biznes forumların və digər işgüzar xarakterli tədbirlərin, qarşılıqlı səfərlərin təşkili və s. bu kimi vasitələrdən istifadə ediləcək. “Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyi bir sıra oxşar təyinatlı təşkilatlarla, xüsusilə Türk-Ərəb İqtisadi və Strateji Əməkdaşlıq Dərnəyi ilə sıx tərəfdaşlıq əlaqələri qurmaqla, birliyin üzvlərinə daha geniş spektrdə xidmətlər təklif edəcək".

E.Rəhimov bildirib ki, hazırkı iqtisadi konyunktura investisiyaların cəlb edilməsi, ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində dövlətlər arasında rəqabəti gücləndirir: "Zəngin maliyyə resurslarına sahib ərəb ölkələrinin işgüzar dairələri ilə sağlam prinsiplər əsasında sıx təmaslar qurulacaq. Təşkilat bu istiqamətlər üzrə işgüzar platforma rolunu oynayacaq. Bu baxımdan iş adamlarını və biznes dairələrini “Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyinə üzv olmağa və aktiv əməkdaşlığa dəvət edirəm".

Sonda “Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyi və Türk-Ərəb İqtisadi və Strateji Əməkdaşlıq Dərnəyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Son xəbərlər

Orphus sistemi