Yuxarı
    Bağlamaq

    Azərbaycan Ərdəbil iş adamlarını əməkdaşlığa dəvət edir

    Azərbaycanın Sumqayıt və İranın Ərdəbil şəhərlərinin qardaşlaşması təklif edilib

    Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan İranın Ərdəbil əyalətinin valisi Məcid Xudabəxşin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    “Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Ş.Mustafayev Azərbaycan və İran dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər, imzalanan sənədlərin iki ölkə arasında əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Azərbaycan-İran iqtisadi əlaqələri barədə danışan nazir iki ölkənin bölgələri arasında da əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib: “Bu ilin yanvar-avqust aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artıb, Azərbaycan iqtisadiyyatına maraq göstərən İran şirkətlərinin sayı çoxalıb, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm və səhiyyə sahələrində əlaqələrimiz uğurla davam etdirilir. Bununla belə, bu sahələrdə əlaqələrin inkişafı üçün böyük potensial var. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün və Azərbaycanda 8,3 km-lik dəmir yolu xəttinin tikintisi, ölkəmizdə İran şirkəti tərəfindən dərman istehsalı zavodunun tikintisi layihəsi üzrə işlər görülür”.

    Neftçala Sənaye Zonasında Azərbaycan-İran birgə layihəsi olan avtomobil zavodunun təməlinin qoyulduğunu qeyd edən Ş.Mustafayev İran şirkətlərini, eləcə də Ərdəbil vilayətindən olan iş adamlarını sənaye zonalarında yaradılan əlverişli imkanlardan yararlanmağa dəvət edib.

    Görüşdə İran şirkətlərinin əczaçılıq sahəsi üzrə ixtisaslaşacaq Pirallahı Sənaye Parkının imkanlarından da yararlana biləcəyi diqqətə çatdırılıb.

    M.Xudabəxş isə öz növbəsində Ərdəbil əyalətinin iqtisadiyyatı, o cümlədən infrastukturu, kənd təsərrüfatı məhsulları istehsalı və emalı müəssisələri barədə məlumat verib, Azərbaycanın Sumqayıt və İranın Ərdəbil şəhərlərinin qardaşlaşmasını təklif edib.

    Görüşdə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanları, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edillib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi