Yuxarı
    Bağlamaq

    Azərbaycan Britaniya şirkətlərini neft-kimya sənayesinə investisiya yatırmağa dəvət edir

    Baronessa Emma Nikolson: Azərbaycanın kənd təsərrüfatı və turizm imkanlarının öyrənilməsi üçün qarşılıqlı səfərlər həyata keçirilə bilər

    Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan-Böyük Britaniya iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan B.Britaniya baş nazirinin ticarət üzrə elçisi Baronessa Emma Nikolson ilə görüşüb. “Report” İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, görüşdə iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

    Ş.Mustafayev B.Britaniya baş nazirinin ticarət üzrə elçisi təyin olunması münasibətilə E.Nikolsonu təbrik edib. Azərbaycan-B.Britaniya əlaqələrinin inkişaf etdiyini qeyd edən nazir əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin, o cümlədən ölkə başçısının bu ilin fevralında B.Britaniyaya səfərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Hazırda ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji, ticarət, investisiya qoyuluşu sahələrində əməkdaşlıq edir. B.Britaniya Cənub Qaz Dəhlizi layihəsinə dəstək göstərir. Bugünədək B.Britaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 25 mlrd. ABŞ dolları həcmində investisiya yatırılıb. Azərbaycan iqtisadi sahədə B.Britaniya ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır”.

    Nazir həmçinin bu səfərin əhəmiyyətli olduğunu deyib: “İki ölkə arasında qeyri-neft sektorunun turizm, kənd təsərrüfatı, eləcə də investisiya qoyuluşu sahələrində əməkdaşlıq etmək imkanları var. B.Britaniyanın sənaye sahəsində fəaliyyət göstərən şirkətlərinin Azərbaycanın neft-kimya sənayesinə investisiya yatırması üçün geniş imkanlar var”.

    E.Nikolson Bakıda keçirilən XXIII Beynəlxalq Xəzər neft-qaz sərgisində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olduğunu, səfər çərçivəsində ölkə başçısı ilə görüşündən məmnun olduğunu ifadə edib. O vurğulayıb ki, ölkələr arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafı üçün potensial mövcuddur: “Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının genişləndirilməsi məqsədilə B.Britaniyanın Milli Fermerlər Birliyi ilə Azərbaycanın müvafiq qurumu əməkdaşlıq edə, kənd təsərrüfatı və turizm imkanlarının öyrənilməsi üçün qarşılıqlı səfərlər həyata keçirilə bilər”.

    Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi