Apreldə "AmCham"ın strateji iclası keçiriləcək

Apreldə "AmCham"ın strateji iclası keçiriləcək Amerika Ticarət Palatasının illik iclasında Direktorlar Şurasının yeni üzvləri seçilib
Biznes
2 Mart , 2016 13:33
Apreldə AmChamın strateji iclası keçiriləcək

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) keçirilmiş illik iclası çərçivəsində Palatanın Direktorlar Şurasının yeni üzvləri seçilib. "Report" xəbər verir ki, tədbiri giriş nitqi ilə açan “AmCham”ın prezidenti İlqar Vəliyev namizədləri Palatanın Direktorlar Şurasına təqdim edib. Daha sonra namizədlər öz platformaları ilə iclas iştirakçıları qarşısında çıxış ediblər.

İclas iştirakçılarına, həmçinin “AmCham”ın iki yeni əməkdaşı  – təzəlikcə təyin olunmuş İnsan Resursları Komitəsinin sədri Leyla Novruzova və Palatanın üzvləri ilə iş üzrə nümayəndəsi Aygün Babazadə təqdim olunub. 

Bundan başqa, İ.Vəliyev “Ağ Sənəd”in (Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidələr və tövsiyələr) hazırlanmasında yeniliklər haqda məlumat verib və iki vacib tədbirə (“Gömrük sisteminin inkişafı və gələcək perspektivləri” konfransı və “Kənd təsərrüfatı sektorunun inkişafına” həsr olunmuş dəyirmi masa) hazırlıq barədə danışıb.

Daha sonra səsvermə nəticəsində “Societe Generale” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Teybə Quliyeva, “Deloitte” şirkətinin Azərbaycandakı icraçı partnyoru Nuran Kərimov, “PwC” şirkətinin Azərbaycandakı icraçı partnyoru Mövlan Paşayev, ADA Universitetinin xarici, hökumət və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadə və “P&G” şirkətinin baş meneceri Tayqun Günay “AmCham”ın Direktorlar Şurasının yeni üzvü seçiliblər.

Şuranın mövcud üzvləri siyahısında “Golden Pay” şirkətinin təsisçisi və baş direktoru Fərid İsmayılzadə, KPMG-nin Azərbaycandakı icraçı tərəfdaşı Vüqar Əliyev, “Pasha Bank”ın baş direktoru Taleh Kazımov, “Nar Mobile” şirkətinin baş direktoru Kent Maknili və “EY” şirkətinin Azərbaycandakı icraçı tərəfdaşı İlqar Vəliyev yenidən yer alıblar.

Qeyd edək ki, gələn ay ərzində Direktorlar Şurası geniş təcrübəyə malik komitələrin səmərəliyinin artırılması və Palatanın inkişafına töhfə verə biləcək yolları “AmCham”ın strateji iclasında müzakirə etməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi