Yuxarı

ADNSU və ASK arasında əməkdaşlıq sənədi imzalanıb

İyunda Dövlət Neft və Sənaye Universitetində beynəlxalq startap festivalı keçiriləcək

Bakı. 6 may. REPORT.AZ/ Bu gün Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev və Konfederasiyanın bir qrup əməkdaşı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil müəssəsinin maddi-texniki bazası ilə tanış olublar.

ASK-nın mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, görüşdə ASK prezidenti M.Musayev qeyri-neft sektorunun, xüsusilə də sənayenin inkişafında yeni mərhələ başladığını qeyd edib: "Ölkədə müxtəlif müəssisələrin yenidən bərpa edilməsinə və yaxud da müasir tipli yeni istehsal sahələrinin açılmasına ehtiyac yaranıb. Bu müəssisələri işə salan peşəkar kadrlara təlabat yaranacaq. Universitetlə əməkdaşlığın gələcəkdə fayda verəcəyiistisna deyil. Konfederasiya gələcəkdə Dövlət Neft və Sənaye Universiteti ilə də birgə layihələr həyata keçirərsə, Universitetin müəllim və tələbə heyəti bu imkanlardan yararlana, Konfederasiya isə körpü rolunu oynaya bilər".

ADNSU haqqında danışan Universitetin rektoru Mustafa Babanlı isə çıxışında qeyd edib ki, 9 min tələbə və magistrların təhsil aldığı universitet istiqamətlərini genişləndirib: “Universitet qabaqcıl təhsil texnologiyalarını tətbiq etməklə bir çoxyeniliklərə imza atmağı qarşısına hədəf qoyub. Eyni zamanda Universitetdə görülən işlərin fövqündə duran birinci məsələ Azərbaycan gəncini düzgün istiqamətdə tərbiyə etmək, gələcəyə hesablanmış mütəxəssis kimi hazırlamaqdır. Ölkədə mütəxəssis olmasa, heç bir inkişafdan söhbət gedə bilməz. Tələbələrin müəssisələrdə təcrübə keçmələridə vacib şərtlərdən biridir. Bu istiqamətdə sahibkarların köməyindən, qarşılıqlı əməkdaşlıqdan yararlanmaq istəyirik. İyun ayının sonunda Universitetdə startap festivalı keçiriləcək. Festivalda özünün startap layihəsi olan şəxslər və komandalar iştirak edəcək”.

Sonda ADNSU ilə ASK arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi ASK prezidenti M.Musayev və ADNSU rektoru M.Babanlı imzalayıblar.

Qeyd edək ki, bu müqavilənin məqsədi Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq ölkə iqtisadiyyatının dinamik inkişafına cavab verə bilən yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün şərait yaratmaq, bu məqsədlə tərəflərin qarşılıqlı əməkdaşlıq perspektivlərini nəzərdə tutur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi