ABŞ-la əməkdaşlığın gücləndirilməsi Azərbaycanın iqtisadi maraqlarına uyğundur

ABŞ-la əməkdaşlığın gücləndirilməsi Azərbaycanın iqtisadi maraqlarına uyğundur Ələtdə azad iqtisadi zonanın yaradılması xarici sərmayənin Azərbaycana cəlb edilməsi, qeyri-neft sektorunun inkişafı üçün mühüm əhəmiyyət daşıyır
Biznes
18 Aprel , 2016 18:47
ABŞ-la əməkdaşlığın gücləndirilməsi Azərbaycanın iqtisadi maraqlarına uyğundur

Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin aprel ayının əvvəlində Amerikaya səfəri, paytaxt Vaşinqtonda baş tutan Nüvə Təhlükəsizliyi Sammitində iştirak etməsi, həmçinin burada ABŞ-ın siyasi rəhbərliyi, vitse-prezidenti, dövlət katibi ilə görüşlər keçirməsi mühüm əhəmiyyət kəsb edən hadisədir. Həmin görüşlərdə ikitərəfli gündəliyə aid mühüm məsələlər, o cümlədən siyasi, təhlükəsizlik, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq əhatəli müzakirə olunub. ABŞ dövlət katibi Con Kerri Amerikanın Azərbaycanla güclü və uzunmüddətli əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu, ölkəmizdə gedən iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi proseslərinin ABŞ-da maraqla izləndiyini vurğulayıb. Amerikada ticarət naziri xanım Penni Pritzkerlə Azərbaycan Prezidenti arasında keçirilən görüşdə isə iqtisadi əməkdaşlığımız müzakirə olunub, qərara gəlinib ki, ölkələrimiz arasında iqtisadi iş birliyi respublikamızın, regionumuzun inkişafına, ABŞ-ın Azərbaycandakı maraqlarına və ölkəni inkişaf etdirmək, Azərbaycanda davamlı inkişafı yaratmaq planların uyğunlaşdırılmaqla eyni ölçüyə malik olmalıdır.

İş adamları ilə məhsuldar görüşlər

Azərbaycan Prezidenti ABŞ-da səfərdə olduğu müddətdə amerikalı iş adamları ilə də məhsuldar görüşlər keçirib. Bütün bunların nəticəsi olaraq, aprelin 12-də dövlət başçısı Bakıda Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edib, onlarla iqtisadi əməkdaşlıq əlaqələri, bu istiqamətdə yeni imkanlar əhatəli müzakirə olunub. Aprelin 14-də isə iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonqla görüşüb. Görüşdə Azərbaycan iqtisadiyyatına dair məlumat verilib, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə, eləcə də ABŞ-ın Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və islahatlara dəstək imkanlarına dair müzakirələr aparılıb. Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edən Ş.Mustafayev Ələtdə azad ticarət zonasının təşkili istiqamətində işlərin görüldüyünü diqqətə çatdırıb, USAİD və ABŞ-ın digər qurumları ilə bu sahədə əməkdaşlıq imkanlarının araşdırılmasını təklif edib.

Ələtdə azad ticarət zonasının təşkili

Bəs Ələtdə azad ticarət zonasının təşkili, xarici investorların da bu prosesə cəlb olunması, o cümlədən USAİD və ABŞ-ın digər qurumları ilə bu sahədə əməkdaşlıq iqtisadi baxımdan ölkəmiz üçün nə dərəcədə əhəmiyyətlidir? Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili hesab edir ki, Ələtdə təşkil olunacaq azad ticarət zonasının əsas məqsədləri həm Azərbaycan iqtisadiyyatına investisiya cəlb edilməsini artırmaq, həm də regional və beynəlxalq biznes mərkəzi yaradaraq, regionda daha effektiv iqtisadi fəaliyyət mərkəzinə çevrilməkdir. Onun fikrincə, Azərbaycanın bilavasitə iştirakı ilə həyata keçirilməsi planlaşdırılan "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin işə düşməsi bu dəhlizin subyektləri üçün Ələt azad ticarət zonasına olan ehtiyacını daha da artıracaq: “Bu baxımdan bu regionda iqtisadi maraqları olan hər bir ölkə subyektləri üçün Ələt azad ticarət zonasının iştirakçısı olmaq, onların daha əlverişli iqtisadi fəaliyyət göstərməsinə səbəb olacaq. ABŞ subyektləri də hər zaman bu regionda aktiv iqtisadi fəaliyyət göstəriblər. Nəzərə almaq lazımdır ki, ABŞ-ın dünya ticarətində payı çox yüksəkdir. Təbii olaraq, ABŞ subyektlərinin Ələt azad ticarət zonasında fəaliyyəti həm onlar, həm də Azərbaycan iqtisadiyyatı üçün qarşılıqlı uduşla, qazancla, gəlirlə nəticələnə bilər”.

Xəzər hövzəsində ən böyük və müasir beynəlxalq dəniz ticarət limanı

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktor, professor Fikrət Yusifov da Ələt ərazisində azad ticarət zonasının yaradılmasını kifayət qədər əhəmiyyətli hadisə kimi qiymətləndirib. Bildirib ki, Ələtdə gömrük və beynəlxalq ticarət limanı da daxil olmaqla, ümumilikdə 400 hektar sahəni əhatə edəcək azad ticarət zonası böyük iqtisadi layihədir: “İlk olaraq 120 hektar ərazidə bu zonanı yaratmaq nəzərdə tutulub. Bu, bir neçə amil baxımından böyük əhəmiyyət kəsb edir. Orada Xəzər dənizi hövzəsində ən böyük və müasir beynəlxalq dəniz ticarət limanı tikilir. Bu tikinti işləri mərhələ-mərhələ başa çatdırılacaq. Ümumiyyətlə, bu zona özü şimalla cənub, şərqlə qərb arasında tranzit yükdaşımalar üçün olduqca əlverişli bir bölgədir. Digər tərəfdən, bir il ərzində həmin beynəlxalq dəniz ticarət limanı vasitəsilə 1 milyon konteyner yükün, 25 milyon ton yükün daşınmasından söhbət gedir. Bu da məsələnin digər maraqlı tərəfidir və iqtisadi baxımdan çox gəlirlidir. Bundan başqa, bu zonaya əcnəbilərin marağını artırmaq, xarici investisiyaları cəlb etmək yolu ilə böyük istehsal sahələrinin, müəssisələrinin qurulması da planlaşdırılıb. Bu da minlərlə daimi iş yerinin açılması deməkdir. Yalnız həmin ərazidə yaşayan insanlar deyil, qonşu regionlarda yaşayan və əmək qabiliyyəti olan vətəndaşlarımız da işlə təmin olunacaqlar. Yəni burada kompleksə daxil olan bir çox məqamlar var. Hansı ki, bütün bu məsələlər bu böyük layihənin həyata keçməsi nəticəsində öz həllini tapacaq”.

Daxili və xarici sərmayəçilər üçün cəlbedici layihə

F.Yusifov bildirib ki, həm daxili, həm də xarici sərmayəçilər üçün bu layihə iqtisadi cəhətdən xüsusilə diqqətçəkicidir. Onun sözlərinə görə, azad iqtisadi zonaya cəlb ediləcək investorlar müvafiq güzəştlərdən faydalanacaq, o cümlədən idxal, gömrük və s. vergilərdən qanunla nəzərdə tutulmuş şəkildə, müəyyən müddətə azad ediləcəklər: “Məsələn, sərmayəçilərin azad iqtisadi zona ərazisinə tikinti aparmaq üçün gətirdiyi avadanlıqlar, texnikalar vergilərdən, gömrük rüsumlarından azad olunacaqlar. Yarımfabrikat və xammal şəklində istehsal üçün gətiriləcək materiallar da gömrük vergilərindən azad ediləcəklər. Eyni zamanda, bu mallar vergi qanunvericiliyində nəzərdə tutulan digər vergilərdən də azad ediləcəklər. Bütün hallarda xarici sərmayəçilər üçün Ələtdəki azad ticarət zonasına yatırım etmək əlverişli, gəlirli olacaq. Azərbaycan Prezidenti İlham Əliyev də keçirdiyi son müşavirədə çıxış edərkən tranzit yükdaşımaları ilə bağlı məsələlər üzərində xüsusi olaraq dayandı. Ələtdə azad ticarət zonasının yaradılması beynəlxalq tranzit yükdaşımaları üçün də əhəmiyyətli hadisə olacaq. Elə indidən azad ticarət zonasına daxili və xarici sərmayəçilərin maraq göstərdiyini müşahidə etmək mümkündür. Bu isə onu deməyə əsas verir ki, biz yaxın illərdə sözügedən ərazidə böyük işlərin həyata keçirildiyinin şahidi olacağıq. Bu da Azərbaycan iqtisadiyyatına, maliyyə sisteminə, dövlət büdcəsinə əlavə gəlirlər gətirəcək, qeyri-neft sektorunun daha da inkişafına təkan verəcək, neftdən gələn gəlirlərdən asılılığımızı minimuma endirəcək. Real sektordan olacaq ixrac hesabına büdcə gəlirləri daha da artacaq”.

Ölkəmizin əsas ticarət tərəfdaşlarından biri

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov isə mövzu ilə bağlı fikirlərini açıqlayarkən ilk növbədə qeyd edib ki, ümumiyyətlə, ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilməlidir: “ABŞ dünyanın iqtisadi gücüdür. Azərbaycan çalışmalıdır ki, Amerika ilə daha yüksək səviyyədə əlaqələri, o cümlədən ticarət əlaqələri qurmaqla bu əməkdaşlıqdan faydalana bilsin. Ələtdə azad iqtisadi zonanın yaradılması bu gün çox müzakirə olunan məsələlərdəndir. Güman edirəm ki, Azərbaycanda belə bir iqtisadi zonanın yaradılmasına həqiqətən də böyük ehtiyac var və yaradılacaq. Ələtdə belə bir azad iqtisadi zonanın yaradılması ölkəyə xarici investisiyanın cəlb edilməsi baxımından da vacibdir. ABŞ da buradakı investorlardan biri kimi çıxış edə bilər. Çünki dünyanın böyük və güclü dövlətinin geniş investisiya imkanları var. Azərbaycan ABŞ-ın bu investisiya imkanlarından yararlanmaqla, ölkəyə daha çox xarici sərmayə cəlb etməyə çalışmalıdır. Xarici investisiyaların ölkəyə cəlb olunması qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün mühüm amillərdən biridir. Bu baxımdan ABŞ-la əməkdaşlığın bir qədər də gücləndirilməsinə, daha yüksək səviyyədə təşkil edilməsinə ehtiyac var”.

Əməkdaşlığın gücləndirilməsi Azərbaycana fayda gətirəcək

V.Bayramlı hesab edir ki, Amerikanın investisiya imkanları geniş olduğuna görə Azərbaycan bu imkanlardan maksimum yararlanmağa çalışmalıdır: “İndiki məqamda ABŞ-la Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi birbaşa ölkəmizin iqtisadi maraqlarına uyğundur. Mümkün layihələrdən bacardıqca məharətlə istifadə etmək gərəkdir. USAİD və digər beynəlxalq qurumlar ABŞ-ın beynəlxalq inkişafla əlaqəli qurumlarıdır. Bu qurumlarla da əməkdaşlığın gücləndirilməsinə ciddi ehtiyac var. Bu təşkilatlar bir sıra sektorlarda böyük layihələr həyata keçirirlər. Onlar layihələrin maliyyələşdirilməsini, qiymətləndirmənin aparılmasını da reallaşdırırlar. Bu baxımdan həmin qurumlarla əməkdaşlığın gücləndirilməsi son nəticədə Azərbaycana fayda gətirəcək”.

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən kütləvi informasiya vasitələri nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir

Son xəbərlər

Orphus sistemi