“Zəyəm Texnologiyalar Parkı”nın səhmdarlarının yığıncağı keçiriləcək

Biznes
  • 14 may, 2024
  • 06:12
“Zəyəm Texnologiyalar Parkı”nın səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 28-də, saat 11:00-da “Zəyəm Texnologiyalar Parkı” ASC-nin (ZTP) səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq ZTP-nin yerləşdiyi Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Səməd Vurğun küçəsi, 24 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2023-cü il üzrə maliyyə hesabatı, Müşahidə Şurasının əsasnaməsinin təsdiqi, eləcə də aidiyyyəti şəxslərlə əqdlərin bağlanması barədə qərar və digər məsələlər daxildir.

Xatırladaq ki, park 1962-ci ildən fəaliyyət göstərən "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialının bazasında 2002-ci ildə, "Zəyəmkəndmaş" adı ilə yaradılıb, 2014-cü ildə isə onun adı indikinə dəyişdirilib. Onun nizamnamə kapitalı 18,305 milyon manatdır.

"Zəyəm Texnologiyalar Parkı" ASC ölkə ərazisində sənaye zavodlarının tikintisi və quraşdırılması fəaliyyəti ilə də məşğuldur. “Zəyəm Texnologiyalar Parkı” ASC-nin nizamnamə kapitalında 30 aprel 2021-ci il tarixinə əsas pay “AZMADE GROUP” MMC-ə məxsus olub.

Abşeronda badam bağları salan və “Badam emalı zavodu”nu işə salmış “AzBadam” MMC “AZMADE Group” MMC şirkətlər qrupuna daxildir. Türkan qəsəbəsində yerləşən “AzBadam” MMC-yə məxsus “Badam emalı zavodu”nun tikinti-quraşdırması, metal konstruksiyası zavodda istehsal olunmaqla, "Zəyəm Texnologiyalar Parkı" tərəfindən həyata keçirilib.

44 filmi