Bakı. 14 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı, aidiyyəti dövlət orqanlarının, sahibkarların və ictimai təşkilatların iştirakı ilə bu gün Zərdabda maarifləndirici konfrans keçirilib.
İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda keçirilən tədbirdə Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarının müxtəlif aspektləri ilə bağlı məruzələrlə çıxış edib.
Konfransda xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri, inzibati məsuliyyət tədbirləri və s. barədə ətraflı məlumat verilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.