İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “Yeni Qarabağnamə: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında post-konflikt quruculuğu” kitabı işıq üzü görüb.
Bu barədə "Report"a İİTKM-dən bildirilib.
Məlumata görə, kitab Azərbaycan xalqının çoxəsrlik tarixinin ən parlaq səhifələrindən biri – 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qələbənin 2 illiyinə həsr edilib. Kitabda Prezident İlham Əliyevin rəhbəriliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan post-konflikt quruculuğundan bəhs edir.
Kitabda davamlı sülhün təmin olunması və kommunikasiyaların açılması, sosial siyasət, yeni dövlət idarəetmə modeli, ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi fəaliyyəti, sosial-iqtisadi infrastrukturun yaradılması, dövlət təşviqilə iqtisadiyyatın canlandırılması, yaşayış məntəqələrinin planlı bərpası, əhalinin böyük qayıdışının təşkil edilməsi, Ermənistanın beynəlxalq məsuliyyətə cəlb edilməsi və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması siyasəti ayrı-ayrı bölümlərlə təqdim edilib.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Böyük Elmi Şurasının 12 sentyabr 2022-ci il tarixli qərarı ilə nəşrə tövsiyə edilən kitabı 11 müəllif yazıb. Elmi redaktoru İİTKM-in icraçı direktoru Vüsal Qasımlı olan “Yeni Qarabağnamə: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında post-konflikt quruculuğu” kitabını Ramil Hüseyn, Yusif Səfərov, Günay Quliyeva, Məsumə Talıbova, Coşqun Cəfərov, Mətanət Rəsulova, Aminə Bayramova, Ayaz Müseyibov, Ayhan Satıcı və Firdovsi Fikrətzadə hazırlayıb.
"Yeni Qarabağnamə” kitabının ilk təqdimatı Vətən müharibəsi zəfərinin II ildönümünə həsr olunan “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli” adlı konfransda keçirilib. Kitab eyni zamanda, Azərbaycan Memarlıq və İnşaat Universitetində və Dövlət İdarəçilik Akademiyasında təqdim olunub. Kitabın ingilis dilində hazırlanan variantının xarici universitetlərdə və beyin mərkəzlərində təqdimatı planlaşdırılır.