Bakı. 25 oktyabr. REPORT.AZ/ XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin idarəetmə strukturunda dəyişiklik edilib.
Yeni təşkilati-idarəetmə strukturuna əsasən, mərkəzə cari rəhbərliyi İcraçı direktor, onun idarə edilməsinə və fəaliyyətinə nəzarəti isə Müşahidə Şurası həyata keçirəcək.
Dəyişiklik sonrası Müşahidə Şurasının sədri vəzifəsinə Fərhad Qaraşov seçilmiş, mərkəzin icraçı direktoru vəzifəsinə isə Müzəffər İsmayılov təyin olunub.
Məlumat üçün qeyd edək ki, Böyük Britaniyanın Anglia Ruskin Universitetindən MBA dərəcəsi əldə etmiş iqtisad elmləri üzrə fəlsəfə doktoru Fərhad Qaraşov ölkənin aparıcı bankarında 10 ildən çox rəhbər vəzifələrdə çalışmışdır. O, hal-hazırda həm də Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədridir.
İcraçı direktor vəzifəsinə təyin olunan Müzəffər İsmayılov isə 10 ildən artıq müddət ərzində Azərbaycanda özəl şirkətlərdə və dövlət qurumlarında çalışıb. 2016-cı ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Birminqem Universitetindən MBA dərəci almış Müzəffər İsmayılov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) MBA proqramında biznes strategiyaları və marketinq dərslərini tədris edib.
Həyata keçirilmiş struktur dəyişikliyinin əsas məqsədi – Mərkəzin idarətmə sistemində çevikliyin təmin edilməsi, tədris sisteminin keyfiyyətinin müasir standarlar çərçivəsində daha da artırılması və rəqabətqabiliyyətliliyinin yüksəldilərək fəaliyyətinin daha da genişləndirilməsidir.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi 2001-ci ildə təsis edilmişdir və hal-hazırda Bakı şəhərinin ən qabaqcıl tədris mərkəzlərindən biridir. Mərkəzdə təhsil Azərbaycan, Rus və İngilis dillərində aparılır. İngilis dili bölməsində tədris 2008-ci ildən rəsmi lisenziya üzrə Kembric proqramı əsasında qurulub. Bundan əlavə, Mərkəzdə 2011-ci ildən etibarən Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB DP) fəaliyyət göstərir. Ötən tədris ilində məzun olmuş şagirdlərin 100 faizi aparıcı yerli və xarici universitetlərə qəbul olub.