Xüsusi laboratoriyalar quran Türkiyə şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- 25 may, 2022
- 15:10
Aqrar sahədə geniştərkibli, beynəlxalq tələblərə uyğun laboratoriya quraşdıran Türkiyə şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir.
Bunu “Report”a Türkiyənin "Bastak" şirkətinin icraçı direktoru Zeki Demirtaşoğlu deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət sıfırdan laboratoriyanın qurulması ilə yanaşı, aqrar sahə üzrə xüsusi laboratoriya cihazlarını istehsal edir: “Taxıl və qida ilə bağlı laboratoriya cihazlarını istehsal edirik. Bunların 132 ölkəyə ixracını həyata keçiririk. Azərbaycanda da bizim məhsulların satışı həyata keçirilib. Lakin hazırda çox ciddi bir distributor tapa bilmirik və axtarışındayıq ki, böyük həcmdə sifarişlərə keçək. Biz Azərbaycan bazarına çox önəm veririk. Ona görə də keçən həftə Bakıda keçirilən Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” sərgilərində iştirak etdik”.
Z. Demirtaşoğlu deyib ki, Azərbaycana satdıqları cihazların dəyəri 40-50 min ABŞ dolları dəyərində olar: “Bu kiçik həcmli satışlardır. Biz daha böyük həcmli işlər həyata keçiririk. Laboratoriya sistemini tam qururuq. Türkiyədə bir neçə laboratoriya sistemlərini tam şəkildə qurub, təhvil vermişik. Biz Türkiyə dövlətinin bir neçə milyon dollar dəyərində olan mərkəzi laboratoriyalarını qurmuşuq. Bununla yanaşı, lisenziyaları anbarlar qururuq”.
Xatırladaq ki, Bakıda 18-20 may tarixlərində Bakıda 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” sərgiləri keçirilib. Sərgilərdə 24 ölkədən 449 şirkət iştirak edir. O cümlədən "Caspian Agro" sərgisinə 19 ölkədən (Azərbaycan, ABŞ, Almaniya, Belarus, Belçika, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İspaniya, İsrail, İtaliya, Rusiya, Slovakiya, Türkiyə, Yaponiya, Yunanıstan) 294 şirkət, “InterFood Azerbaijan” sərgisinə isə 12 ölkədən (Azərbaycan, Belarus, Belçika, Böyük Britaniya, Hindistan, İran, İtaliya, Litva, Rusiya, Səudiyyə Ərəbistanı, Şri-Lanka, Türkiyə) 155 şirkət qatılıb.