Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz rayonunun Xanoba kəndində Şimal Ərazi Baş Gömrük İdarəsinə məxsus gömrük postunun kompleks tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “AS İnşaat” MMC-dir.
Qalib şirkətə 9,2 milyon manat ödəniləcək.
Xatırladaq ki, bundan əvvəl sözügedən tikintiyə 8 milyon manat ayrılmışdı.
Ötən ilin aprel ayında Prezident İlham Əliyev "Xanoba" gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci ilin dövlət büdcəsindən DGK-a ilkin olaraq 4 milyon manat ayrılıb.
Həmçinin 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu işin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaiti nəzərdə tutulacaq.
Mövcud gömrük-keçid məntəqəsi müasir tələblərə tam cavab vermir. Ona görə də yenisi ilə əvəzlənməsi nəzərdə tutulur. Məntəqənin inşasını birtərəfli qaydada Azərbaycan aparır.