Vüsal Qasımlı: “Qeyri-neft sektoru drayverə çevrilir”

Vüsal Qasımlı: “Qeyri-neft sektoru drayverə çevrilir” Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq fəaliyyəti tam gücü ilə davam edir və sosial proqramlar həyata keçirilir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı
Biznes
291
13 Sentyabr , 2021 17:13
Vüsal Qasımlı: “Qeyri-neft sektoru drayverə çevrilir”
Vüsal Qasımlı

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq fəaliyyəti tam gücü ilə davam edir və sosial proqramlar həyata keçirilir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı ölkədə makroiqtisadi vəziyyət və inkişaf perspektivləri barədə “Report”a müsahibə verib:

- Vüsal müəllim, Azərbaycan iqtisadiyyatının makro səviyyədə perspektivlərini necə qiymətləndirirsiniz?

- Azərbaycan iqtisadiyyatı pandemiya və Vətən müharibəsinin təsirlərindən sonra yeni tarazlıq nöqtəsinə keçir. Pandemiyanın yaratdığı müvəqqəti mənfi təklif şoku iqtisadiyyatın məhsuldarlıq gücünü dəyişmir, sadəcə iqtisadiyyat müvəqqəti olaraq, potensial səviyyəsindən aşağıda qərarlaşır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində aparılan hesablamalarda da “buraxılış kəsiri”nin mənfi zonada olması, iqtisadiyyatın öz potensialına can atması görünür. Azərbaycanın əsas ixrac məhsullarının qiymətlərinin yüksək olması və ticarət tərəfdaşlarımızda iqtisadi artımın bərpa edilməsi əlverişli xarici mühit formalaşdırır. Ən əsası isə dövlətin aydın inkişaf strategiyasının olmasıdır.

Ölkədə faktiki buraxılış məcmu tələbdən az olduğundan iqtisadi artım üçün stimullar var və hazırda qeyri-neft sektorunun drayveri olduğu artımın şahidiyik. PwC-nin bu ilki CEO sorğularının nəticələrinə görə, Azərbaycandakı şirkət rəhbərlərinin 64%-i artımı təmin etmək üçün yaxın 12 ayda əməliyyat səmərəliliyi axtarmağı planlaşdırırlar. Azərbaycandakı şirkət rəhbərlərin 42%-i növbəti il üçün və 56%-i isə üç ilə gəlir artımı perspektivlərinə çox əmin olduqlarını ifadə ediblər. Elə IMF, Dünya Bankı və Asiya İnkişaf Bankı, kredit reytinq agentlikləri, həmçinin Azərbaycan hökumətinin də proqnozlarında bu il ölkədə iqtisadi artım proqnozlaşdırılır. Ən əsası isə bu artımda qeyri-neft sektorunun drayver olmasıdır.

- Bu il dövlət büdcəsinin icrasında əsas təmayüllər nədən ibarətdir?

- İcmal büdcənin bu ilin ilk yarısında 2,6 milyard manata yaxın profisiti dövlətin aktivlərini artırır. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin 2020-ci ildə 30,1%-dən bu ilin ilk altı ayında 20,4%-ə enməsi kölgə iqtisadiyyatı ilə mübarizə, leqallaşmanın motivasiya olunması, qeyri-neft sektorunun üstün artım tempi və fiskal intizamın güclənməsi hesabına mümkün olmuşdur. Yəni biz neft gəlirlərindən daha az istifadə etməklə yanaşı, həm də büdcə xərcləmələrinin səmərəliliyini də artırırıq. Məsələn, bu ilin ilk yarısında dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə Dövlət Neft Fondundan transfert istisna olmaqla 11,2% artıb, xərclər isə 1,2% azalıb. Bu ilin ilk yarısında qeyri-neft sektorunun büdcə ödəmələrinin artım tempi 12,4%, qeyri-neft ÜDM-in artım tempi isə 5,1% olub. Göründüyü kimi qeyri-neft sektoru özünün böyümə sürətindən 2,4 dəfə böyük templə büdcə öhdəliyini həyata keçirir. Növbəti illərin proqnozlarına görə də qeyri-neft sektoru üzrə büdcə daxilolmaları onun özünün artım sürətini üstələyəcək. Təsəvvür edin ki, bu ilin birinci yarısında Dövlət Vergi Xidməti büdcə qarşısında proqnoza 24,4% və Dövlət Gömrük Komitəsi 14,6% çox əməl etdiyi halda, Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozdan 23% az transfert edilir.

İndi dövlət büdcəsinin qarşısında dayanan əsas məsələ post-konflikt quruculuğu, milli təhlükəsizlik və pandemiyanın nəticələri ilə mübarizədir. Təsadüfi deyil ki, bu ilin ilk yarısında dövlət büdcəsinin xərcləmələrində ən böyük paya malik olan funksional istiqamət müdafiə və milli təhlükəsizlikdir. Müdafiə xərclərinə keçən illə müqayisədə 73,9% və ya 1076,3 milyon manat çox vəsait xərclənib.

- Dövlət büdcəsində qeyri-neft sektorunun payının artması özəl sektorun yükünün artması deyil ki?

- Dünya Bankının “GovData360” resursunda göstərilir ki, “dövlət tənzimlənməsinin yükü”nün yüngüllüyünə görə Azərbaycan Gürcüstanla birlikdə bütün qonşularını üstələyərək regional liderdi. Azərbaycanda qeyri-neft ÜDM-in 23%-i büdcə ödəmələrinə gedir ki, bu da orta dünya göstəriciləri ilə müqayisədə qənaətbəxş sayıla bilər. Hansı ki, nominal olaraq Azərbaycanda ümumi vergi və digər ödəmələrin mənfəətdə payı 40,7%-dir. Bu fərqi yaradan iki əsas səbəb var. Birincisi, aqrar sahə başda olmaqla milli iqtisadiyyatımızda bir sıra güzəştlər verilib, digər tərəfdən isə leqallaşma potensialı böyükdür.

Dünya Bankının “Vergilərin ödənilməsi” hesabatında da Azərbaycan dünyanın 190 ölkəsi arasında 40-cı ən əlverişli vergi rejiminə malikdir. Ötən il tətbiq edilən müvəqqəti vergi rejimi vergi ödəyicilərini pandemiyanın təsirlərindən qorumaq məqsədi daşıyırdı. Həm vergi, həm də gömrük inzibatçılığının təkmilləşdirilməsi, vergi yükünün optimallaşdırılması və fiskal intizamın daha da artırılması siyasəti davam etdirilir.

- Güzəştlərin səmərəliliyi barədə nə demək olar?

- Azərbaycanda “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”na əsasən güzəştlərin büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyi qiymətləndirilir. Çünki güzəştlərin tətbiqi bir tərəfdən marjinal izafi itki, digər tərəfdən isə marjinal gəlir yaradır. Yəni güzəşt olunanda, dövlət özəl bölmədən almalı olduğu məbləği elə özəl sektorda da saxlayır. Müqayisə imkanı yaranır: əlavə bir manatın dövlətin nəzarətində olmasının həmin manatın özəl sektorda istifadəsi arasında səmərəlilik fərqi nə qədərdi? Əmtəələr arasında vergiqoymanın optimal səviyyəsini “Ramzey qaydası” müəyyənləşdirir. Birincisi, məhsul üçün tələb elastikliyi yüksək olduqda vergi aşağı dərəcə ilə olmalıdır və tərsinə. Buna “elastiklik qaydası” deyilir. Burada digər prinsip “geniş vergitutma bazası qaydası”dır: az sayda məhsula yüksək vergi tətbiq etməkdənsə, daha çox məhsulu orta dərəcə ilə vergiyə cəlb etmək daha səmərəlidir. Dövlət bir tərəfdən “elastiklik qaydası”, digər tərəfdən isə “geniş vergitutma bazası qaydası” əsasında tarazlığı qurmalıdır. Azərbaycanda bu “qızıl orta” qorunur: əsasən varlı insanlar tərəfindən istehlak olunan əmtəələrə vergi, rüsum, aksiz yüksəkdir, amma aşağıgəlirli istehlakçıların aldığı məhsullara, məsələn, kənd təsərrüfatı və ərzaq məhsulları üzrə yığımlar aşağıdır. Dövlət burada bərabərliyi təmin etmək üçün səmərəliliyi güzəştə gedir.

- Azərbaycan iqtisadiyyatında dövlətin optimal çəkisi müəyyənləşibmi?

- COVID-19 pandemiyası şəraitində dövlətin iqtisadiyyatda rolu artıb və bunun hesabına da iqtisadi artım bərpa edilib. Buna ədəbiyyatda “Bars əyrisi” deyilir – dövlətin rolunun artması “çevrilmiş U” formasında iqtisadi artıma təsir göstərir. Əslində dövlətin rolunun artması “Lindal qiymətləndirməsi”nə görə insanların hər bir əlavə ictimai məhsul üçün ödəməyə hazır olduqları məbləğə əsaslanır, yəni marjinal ödəmə istəyinə. Təsadüfi deyil ki, Azərbaycanda da dövlət xərcləmələri ilə yanaşı, həm də büdcənin vergi daxilolmaları artır. İctimai müqaviləyə əsasən insanlar hiss edirlər ki, dövlətin təhlükəsizliyi, Qarabağın reinteqrasiyası və sosial rifaha dair ictimai məhsulları əldə etmək üçün vergiləri ödəmək lazımdır. Buna “faydaya vergiqoyma” deyilir, insanlar ictimai məhsuldan əldə etdikləri faydaya görə vergi ödəyirlər. Düzdür insanların dövlətdən gözləntiləri müxtəlifdir, buna görə də Nobel mükafatçısı Kennet Arrou deyir ki, insanların tərcihlərini məhdudlaşdıran sosial qərarvermə qaydası yoxdur. Əksinə bu tərcihləri ümumiləşdirib yekun nəticəyə çevirməyi bacarmaq lazımdır. Deyim ki, dünya təcrübəsində heç də həmişə dövlət öz vətəndaşlarının rifahını yaxşılaşdıra bilmir, Ceymes Byukenen və Qordon Tallok ictimai seçim nəzəriyyəsində bu mülahizəni müdafiə edirdilər. Bir trilyon dollarlıq mineral ehtiyatlara sahib olan Əfqanıstanda “hökumət uğursuzluğu” buna klassik nümunədir. Azərbaycanda dövlətin iqtisadiyyatda rolu optimallaşdırılır, xüsusən də dövlət müəssisələrinin islahatı, fiskal və monetar alətlərdən istifadə edərək iqtisadi artımın, sosial rifahın və təhlükəsizliyin dəstəklənməsi həyata keçirilir.

- Bəs dövlət öz funksiyalarını yerinə yetirərkən büdcə kəsiri və borc siyasəti necə tənzimlənir?

- “Büdcə sistemi haqqında” qanuna görə büdcə kəsirinin maliyyələşməsi dövlət borcu və digər mənbələr hesabına həyata keçirilir. Bu ilki dövlət büdcəsində proqnozlaşdırılan kəsirin maliyyələşdirilməsi özəlləşdirmə, daxili və xarici borclanma, 2021-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığının hesabına həyata keçirilə bilər. Azərbaycanın bu ilk dövlət büdcəsində nəinki kəsir yaranmayıb, hətta ilk altı ayda 165 milyon manat və ya ÜDM-in 0,4%-i qədər profisit formalaşıb.

Qaldı ki, borclanma ilə bağlı məsələyə, dövlət mümkün qədər xarici borcunu daxili borcla əvəzləyir və bu ilin ilk yarısında birbaşa daxili dövlət borcu 2,5 milyard manat və ya ÜDM-in 3,1%-ni, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 230 milyon manat və ya ÜDM-in 0,3%-ni təşkil edib. Ümumilikdə daxili dövlət borcu 2,7 milyard manat və yaxud ÜDM-in 3,4%-dir. Kəsirin maliyyələşməsində belə yanaşma, başqa sözlə, Maliyyə Nazirliyinin dövlət istiqrazlarını yerləşdirməklə vəsait cəlb etməsi pul bazasına təsir etmir. Beynəlxalq təcrübədə bəzən hökumətin istiqrazlarını Mərkəzi Bank alır və borcun monetizasiyası gedir, bir sözlə, pul emissiya olunur. Azərbaycanda isə Maliyyə Nazirliyinin istiqrazlarını əsasən investisiya şirkətləri alır. Çünkü istiqrazlar digər aktivlərə nisbətən daha likviddir, amortizasiya və saxlanma xərci yoxdur, üstəlik istiqrazın% dərəcəsi 6,5% olmaqla 4,5%-lik inflyasiyanı üstələyir və gəlir təmin edir. Dövlət bu yolla həm də qiymətli kağızlar bazarının inkişafına dəstək verir. Artıq bu il daxili dövlət borclanmasının yuxarı həddinə - 1,3 milyard manata yaxın borc cəlb edilib. Bu yolla Maliyyə Nazirliyi həm də xarici borcu daxili borcla əvəzləyərək müəyyən riskləri, o cümlədən, məzənnə risklərini azaldır.

- Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ölkənin tədiyyə qabiliyyətinə necə təsir edir?

- Qeyri-neft sektorunun ixracyönümlülüyünün və dövlət büdcəsinin gəlirlərinin təmin edilməsində rolunun artması bu sahədən əsas gözləntilərdi. Büdcədə qeyri-neft sektorunun artan rolu barədə yuxarıda danışdıq. Bu ilin proqnozlarını da nəzərə alsaq son beş ildə Azərbaycandan qeyri-neft ixracı iki dəfəyə yaxın artıb. Növbəti beş ildə daha iki dəfə artması hədəflənir. Bu il gözlənilir ki, biz adambaşına 210-220 ABŞ dolları qeyri-neft ixracı həyata keçirəcəyik, əvəzində hər nəfərə təqribən 1000 ABŞ dolları da idxal edirik. Getdikcə bu fərqin azaldılmasına çalışmalıyıq. 2025-ci ildən neft sektorunda eniş başlayacaq, buna görə də ticarət balansında qeyri-neft kəsirinin tarazlaşdırılması zəruridir.

- Azərbaycanın qarşısında əsas makrofiskal çağırışlar hansılardır?

- Davamlı iqtisadi inkişafın təmini üçün qeyri-dövlət sərmayələrinin genişləndirilməsi və məhsuldarlıq-əsaslı artımın təmin olunması vacibdir. Qarabağın və Şərqi Zəngəzurun reinteqrasiyası, həmçinin maliyyə-bank və real sektorların iqtisadi inkişaf strategiyasına uyğun düzən verilməsi məqsədəuyğundur. Fiskal dayanıqlığın bütün komponentləri üzrə irəliləyişə nail olmaq lazımdır: İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin azaldılması, borc, pensiya və səhiyyə sistemlərinin dayanıqlılığının gücləndirilməsi, həmçinin fiskal institutların inkişaf etdirilməsi zəruridir.

- İnflyasiya barədə gözləntiləriniz necədir?

- Azərbaycanda pul bazası 2020-ci ilin əvvəli ilə müqayisədə hazırda 23%-ə qədər genişlənib, amma inflyasiya aşağı həddə qalır. Milton Fridmanın “inflyasiya həmişə və hər yerdə monetar fenomendir” fikri bu məqamda yalnız bir şərtlə qəbul oluna bilər: qısamüddətli deyil, uzunmüddətli dönəmdə. Pulun miqdar nəzəriyyəsi əmək haqqı və qiymətlərin çevikliyinə əsaslanıb inflyasiyanı uzunmüddətli dönəmdə izah edir. Kolumbiya Universitetinin professoru F.S.Mişkin öz kitabında belə bir qənaətə gəlmişdir ki, Azərbaycan dünyada pul təklifinin artım tempinin inflyasiyaya ən az təsir göstərdiyi ölkələrdəndir. Fikrimizcə, monetar genişlənmənin inflyasiya təsirlərini cilovlayan - iqtisadi artım, tədiyyə balansı və dövlət büdcəsinin profisitli olması, həmçinin valyuta bazarında sabitliyin qorunması üçün aparılan siyasətdir.

Monetar genişlənməni qeyd etməklə yanaşı, kredit və depozitlərdə manatlaşma prosesini də xüsusi vurğulamaq lazımdır. Azərbaycanda pul multiplikatoru – həm M3 pul aqreqatının pul bazasına nisbəti, həm də M2 pul aqreqatının manatla pul bazasına nisbəti 2020-ci ilin əvvəli ilə müqayisədə cüzi də olsa, artıb. Deməli, Mərkəzi Bankın yaratdığı pulu kommersiya bankları daha çox artırırlar. Amma bizim məqsədimiz pulun daha çox istehlak deyil, real sektorda dövriyyəsinə nail olmaqdır. Hələlik ev təsərrüfatlarına verilən kreditlər – istehlak kreditləri demək olar ki, bütün portfelin yarısına qədərini təşkil edir və ötən ilin əvvəli müqayisədə istehlak kreditlərinin portfeldə xüsusi çəkisi hətta bir qədər artıb. Əlbəttə, biznes kreditlərinin daha çox verilməsi real və maliyyə sektorlarının birgə məsuliyyətidir. Eyni zamanda ölkə üzrə verilən kreditlərin hər beş manatından bir manatı regionların payına düşür və bəzən regionlarda kreditin faizi Bakı ilə müqayisədə iki dəfə yüksək olur. İndiki halda kredit portfelinin sahələr, regionlar və KOB üzrə optimallaşması daha çox fayda gətirə bilər. Özü də biznesi təkcə borc deyil, həm də səhmdar kapitalını cəlb etməklə inkişaf etdirmək barədə düşünməliyik. Azərbaycanda yığım orta dünya göstəricisindən yüksəkdir, sadəcə, qiymətli kağızlar bazarı daha çox inkişaf etməlidir ki, bu yığım sərmayəyə çevrilsin və iqtisadi artıma xidmət etsin.

- Monetar genişlənməni qeyd etdiniz. Pul kütləsinə tələbi yaradan nədir?

- Pula tələbi ilk növbədə ölkə iqtisadiyyatının miqyası və qiymətlərin səviyyəsi yaradır. Azərbaycan iqtisadiyyatının artım tempinin bərpa olunması və inflyasiyanın qismən yüksəlməsi pula tələbi artırır. Pula olan tələb həm də% dərəcələri ilə də bağlıdır. Azərbaycanda% dərəcələri artdıqca pula olan tələbə azaldıcı təsir edir. Məsələn, manatla verilmiş kreditlər üzrə orta% dərəcəsi 2020-ci ilin əvvəlində 13,92%-dən hazırda 14,04%-ə yüksəlib, bir sözlə, pula olan tələbin azalmağına xidmət edib. Bu arada deyək ki, Mərkəzi Bankın da məcburi ehtiyat normaları minimal səviyyədə - 0 və 1% arasındadır və dövriyyədəki pul kütləsinə az təsir edir. Azərbaycanda pulun dövretmə sürəti 2020-ci ilin əvvəlində 4,36-dan hazırda 3,71-ə qədər enib və əslində bu azalma pula olan tələbin artmasına təsir göstərir. Bunlardan başqa, yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi Azərbaycanda pula olan tələbə azaldıcı təsir göstərsə də, aşağı inflyasiya riski və digər aktivlərin likvidliyinin elə də cəlbedici olmaması pula tələbə artırıcı təsir göstərir. Göründüyü kimi pula olan tələbə çoxlu amillər, özü də müxtəlif istiqamətlərdə təsir göstərir.

- Uçot dərəcəsinə təsir göstərən amillər hansılardır?

- Azərbaycanda inflyasiya xüsusən də idxal amilinin təsiri altındadır, amma hədəf dəhlizindədir. Teylor prinsipinə əsasən inflyasiya gözləntiləri uçot dərəcəsinə artırıcı təsir edir. Nəzərə almalıyıq ki, IMF “Dünya iqtisadiyyatının icmalı”nda inflyasiyanın artacağını proqnozlaşdırır. İllik orta hesabla 10 milyard dollarlıq idxal həyata keçirən Azərbaycan üçün dünya qiymətlərinin təsiri var. Təkcə onu demək kifayətdir ki, FAO-nun Ərzaq qiyməti indeksi bu ilin avqustunda ötən ilin eyni dövrü ilə müqayisədə 32,9% yüksək olub. Amma “əkiz balans”ların - tədiyyə balansı və dövlət büdcəsinin profisiti inflyasiyanı cilovlayan fundamental amillərdi.

Yeri gəlmişkən, aşağı inflyasiya şəraitində Azərbaycanda 2020-ci ilin əvvəlində 7,25% olan uçot dərəcəsi hazırda 6,25%-ə qədər endirilib, açığı uyğun nisbətdə kredit faizlərinin enməsi müşahidə edilmir. Uçot dərəcəsinin enməsinin bazarda kredit faizlərinə daha çox təsir etməsi üçün Mərkəzi Bankın transmissiya gücü daha da artırılmalıdır. Uçot dərəcəsini müəyyənləşdirərkən, bir tərəfdən inflyasiyanın cilovlanması, digər tərəfdən isə ucuz maliyyəyə çıxışı təmin etməklə biznesi inkişaf etdirmək kimi bir-birilə əks istiqamətdə olan iki məqsəd dayanır. Əlbəttə, inflyasiyanın cilovlanması elə həyata keçirilməlidir ki, Volker dezinflyasiyası kimi baha başa gəlməsin, yəni iqtisadi artımı buxovlamasın. Bunun üçün daimi müsbət təklif şoku yaratmaqla həm inflyasiyanı nəzarətdə saxlamaq, həm də iqtisadi artımı təmin etmək olar. Uzunmüddətli dönəmdə iqtisadi artımı yüksək trayektoriyaya çıxarmaq institutsional islahatların davam etdirilməsi və insan kapitalının inkişafı, rəqəmsal transformasiyanın sürətindən asılıdr. “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” bu sahədə islahatların yeni prospektini müəyyənləşdirəcək.

Son xəbərlər

Orphus sistemi