Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Volt Azərbaycan” MMC ilə bağlı son qərarı geniş ictimai müzakirələrə səbəb olub.
Agentliyin qərarının xüsusilə ictimai iaşə sektoruna - restoran və kafe biznesinə təsirsiz ötüşməyəcəyi bildirilir.
"Report" mümkün gözləntilərlə bağlı "Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Samir Dübəndi ilə həmsöhbət olub.
Ekspertin fikrincə, “Wolt”un Azərbaycanda fəaliyyətinin məhdudlaşdırılması minlərlə insana - iş adamlarına, kuryerlərə, çatdırılma xidmətindən istifadə edən xarici və yerli vətəndaşlara böyük zərbə ola bilər: "Yaxşı olardı ki, şirkətin fəaliyyətini dayandırmaq əvəzinə onunla maarifləndirmə işi aparılardı. İndi ki, bu qərar verilib, onda çatdırılma sahəsində yeni şirkətlərin yaradılması stimullaşdırılmalıdır".
S.Dübəndi deyir ki, "Wolt"un Azərbaycanda fəaliyyətinin genişlənməsi koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf edib: “Bu da təəccüblü deyil, həmin dövrdə çatdırılma xidmətinə ehtiyac olduqca artmışdı. Hesablamalarımıza görə, hazırda şirkət təxminən 3 min kuryerlə, 300-dən artıq ictimai iaşə və parakəndə satış obyektləri ilə əməkdaşlıq edir. Son vaxtlar onun ərtafında qalmaqallı məlumatlar dolaşır, şirkət inhisarçılıqda ittiham edilir, AQTA isə bəyan edib ki, şirkət qida təhlükəsizliyi təhlükəsizliyi tələblərinə əməl etmir və istehlakçıların hüquqlarını pozur. Təbii ki, bu qaydaları pozan şirkətlərə xəbərdarlıq edilməli, yeri gəlsə onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada cərimə olunmalı, bütün bunlardan sonra isə son tədbir kimi fəaliyyətləri dayandırılmalıdır. Çünki, qeyd etdiyim kimi, onların fəaliyyəti minlərlə insanı əhatə edir və bu amil qəbul edilən qərarlarda nəzərə alınmalıdır",
Xatırladaq ki, “Wolt” 2014-cü ildə Finlandiyanın paytaxtı Helsinkidə yaradılıb, hazırda 23 ölkədə, 120-dən çox şəhərdə fəaliyyət göstərir. Şirkətin 40 mindən artıq kuryerı var və onların işi 15 min restoranı əhatə edir. Azərbaycan bazarına “Wolt” 2019-cu ildən daxil olub.