Vergilər Nazirliyi: Bu il qanunsuz mərc oyunlarına görə 4,6 mln. manat cərimə tətbiq edilib

Vergilər Nazirliyi: Bu il qanunsuz mərc oyunlarına görə 4,6 mln. manat cərimə tətbiq edilib Bu ilin 10 ayı ərzində akkreditasiya olunmadan idman mərc oyunlarının keçirilməsi ilə əlaqədar 325 tədbir keçirilib
Biznes
7 Noyabr , 2016 13:39
Vergilər Nazirliyi: Bu il qanunsuz mərc oyunlarına görə 4,6 mln. manat cərimə tətbiq edilib

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda vergi orqanları tərəfindən akkreditasiya olunmadan idman mərc oyunlarının keçirilməsi ilə əlaqədar 325 tədbir keçirilib və müvafiq materiallar aidiyyəti üzrə məhkəmələrə göndərilib. Bunu “Report”un sorğusunu cavablandıran Vergilər Nazirliyinin Vergi auditi və operativ vergi nəzarəti İdarəsinin rəisi Toğrul Quliyev deyib.

T.Quliyevin sözlərinə görə, həmin tədbirlər üzrə məhkəmələr tərəfindən 445,6 min manat inzibati cərimə tətbiq edilib: “Bədən tərbiyəsi və idman haqqında” qanunun tətbiq edilməsi barədə Azərbaycan Prezidentinin 2009-cu il 27 avqust tarixli fərmanına dəyişiklik edilərək 5-ci hissə əlavə edilib. Bu fərmanla Daxili İşlər və Vergilər nazirliklərinə akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsini təmin etmələri, həmin oyunları qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlərin görülməsi tapşırılıb".

"İnzibati Xətalar Məcəlləsinin 401.2-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsinə görə 3 000 manatdan 4 000 manatadək məbləğdə cərimə edilir. Operativ vergi nəzarəti tədbirləri zamanı akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi aşkar olunduğu təqdirdə müvafiq protokol tərtib edilərək, baxılması üçün aidiyyəti məhkəmələrə göndərilir”, - deyə İdarə rəisi qeyd edib.

Qeyd edək ki, oktyabrın 28-də Milli Məclisin plenar iclasında Vergi Məcəlləsinə edilən dəyişikliklər müzakirə olunaraq qəbul edilib. Vergi Məcəlləsində dəyişiklik idman mərc oyunlarından əldə olunan uduşların vergidən azad olunmasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi