Vergi güzəştləri və tətilləri vergi ödəyicilərinin yükünü azaldacaq - ŞƏRH

Vergi güzəştləri və tətilləri vergi ödəyicilərinin yükünü azaldacaq - ŞƏRH Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi nəzərdə tutulur. Vergi güzəştləri və tətilləri ilə bağlı təkliflər paketi koronavirus (COVID-19) pandemiyasının milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi məqsədilə yaradılmış İşçi Qrup çərçivəsində dövlət qurumları, sahibkarların ictimai təşkilatları, o cümlədən Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası İctimai Birliyi, həmçinin İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) xətti ilə ayrı-ayrı sektorlar üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə geniş müzakirə olunub.
Biznes
25 Aprel , 2020 15:37
Vergi güzəştləri və tətilləri vergi ödəyicilərinin yükünü azaldacaq - ŞƏRH

Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi nəzərdə tutulur. Vergi güzəştləri və tətilləri ilə bağlı təkliflər paketi koronavirus (COVID-19) pandemiyasının milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi məqsədilə yaradılmış İşçi Qrup çərçivəsində dövlət qurumları, sahibkarların ictimai təşkilatları, o cümlədən Azərbaycan Sahibkarlar Konfederasiyası, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi, həmçinin İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) xətti ilə ayrı-ayrı sektorlar üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə geniş müzakirə olunub.

Bununla əlaqədar, İqtisadiyyat Nazirliyi Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” qanuna zəruri dəyişikliklərlə bağlı təkliflər hazırlayıb. Hökumətdə bir daha baxıldıqdan sonra təkliflər paketinə daxil olan sənədlərin layihələri Milli Məclisə təqdim olunub.

Təkliflər paketinə daxil olan məsələləri “Report”a şərh edən iqtisadçı ekspert Mehdi Babayev bildirib ki, ilk növbədə sözügedən vergi azadolmalarının bütün vergi ödəyicilərinə şamil olunmadığını nəzərə almaq lazımdır: “Vergi ödəyicilərinə şamil olma baxımından təklif olunan dəyişiklikləri üç hissəyə bölə bilərik. Bunlardan birincisi, koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə aid edilən hissədir. İkincisi, pandemiyanın təsirinə məruz qalıb-qalmamasından asılı olmayaraq mikro sahibkarlıq subyektlərini nəzərə tutan hissədir. Üçüncüsü isə, bütün sahibkarlıq subyektlərinə şamil edilən hissədir. Sahibkarlar ilk növbədə ona diqqət etməlidir ki, bu dəyişikliklər bütün sahibkarlıq subyektlərini nəzərdə tutmur. Digər tərəfdən nəzərə alınmalıdır ki, dəyişikliklərə əsasən nəzərdə tutulan vergi güzəştləri əsasən postpandemiya dövrünü nəzərdə tutur və konkret desək, güzəştlərin böyük əksəriyyəti 1 yanvar 2021-ci il tarixinə qədər olan dövrü, yəni 1 il müddətini əhatə edir. Bunların arasında 2021-ci ilin yanvarın 1-dən sonrakı dövrü də əhatə edən dəyişikliklər olsa da, bu məcburi sosial sığorta ayırmaları ilə bağlı az bir hissə təşkil edir. Əsasən dəyişikliklər bu il üçün nəzərdə tutulub.

 Mehdi Babayev
Mehdi Babayev

Dəyişikliklərin təsiri özünü üç formada büruzə verəcək. Bunlar vergidən tamamilə azadolma, vergidən qismən azadedilmə, yəni güzəştlər və vergi tətillərinin verilməsi istiqamətləridir. Vergi tətilləri həm verginin ödəmə, həm də hesabatın verilmə vaxtının gec həyata keçirilməsi ilə bağlı verilən imkanlardır, yəni vergini ödəmək üçün ödəyicilərə verilən möhlətin uzadılmasıdır".

Onun sözlərinə görə, hökumət pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə fəaliyyət sahələrinin konkret siyahısını hazırlayıb və ictimaiyyətə geniş açıqlayıb: "Vergi ödəyiciləri həmin siyahıya baxıb fəaliyyətinin qeyd edilən sahələrə aid edilib-edilmədiyini təyin etməlidir. Əgər vergi ödəyicisinin bu sahələrdən biri üzrə fəaliyyəti vardırsa, əlbəttə ki, əsas fəaliyyəti, onda həmin ödəyicinin 2020-ci ildə əmlak və torpaq vergisindən tamamilə azad edilməsi nəzərdə tutulub. Eyni zamanda, bu vergi ödəyiciləri 2020-ci il üçün ödəməli olduqları mənfəət vergisinə 75% güzəşt, dolayısıyla desək, vergi tutulan mənfəətindən və ya gəlirindən 20% deyil, 5% vergi ödəmələri təklif edilir. Bundan əlavə, həmin vergi ödəyiciləri hər rüb mənfəət (gəlir) və əmlak vergisi üzrə ödəməli olduqları cari vergi ödəmələrini artıq rüblər üzrə deyil, ilin sonunda mənfəət (gəlir) vergisi bəyənnaməsi və əmlak vergisi bəyənnaməsini təqdim etdikləri vaxt ödəyəcəklər. Eyni zamanda 2019-cu il üçün yaranan və martın 31-dək ödəməli olduğu mənfəət və əmlak vergisinin ödəmə müddətinin də 2020-ci ilin 01 sentyabr tarixinədək, yəni 5 ay müddətinə uzadılması nəzərdə tutulub. İctimai iaşə, sərnişindaşıma və taksi fəaliyyəti ilə məşğul olanlar ilə də bağlı müvafiq sadələşdirilmiş vergi dərəcələri və məbləğlərinin 2 dəfə azaldılması təklif olunub. Belə ki, restoran, kafe və şadlıq evləri sahəsində sadələşdirilmiş verginin 8% deyil, 4%-lə, avtobusla sərnişindaşıma sahəsində hər oturacağa görə 1,8 manat deyil, 0,9 manat, taksi fəaliyyəti sahəsində isə nəqliyyat vasitəsi üçün 9 manat deyil, 4,5 manat qədər ödənilməsi təklif olunub. Nəzərə almaq lazımdır ki, bu dəyişiklik yükdaşıma sahəsinə deyil,yalnız sərnişin daşıma sektoruna aiddir. Çünki yükdaşıma faəliyyəti məhdudlaşdırılan sahələr siyahısına aid edilməyib.

Pandemiyanın təsirinə məruz qalıb-qalmamasından asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olan mikro sahibkarlıq subyektləri üçün vergi dərəcəsinin 2%-dən 1%-ə endirilməsi, eyni zamanda bütün mikro sahibkarlar üçün müxtəlif vergilər üzrə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur.

Bu tədbirlər planı ilə koronavirus pandemiyasının mənfi təsirinə məruz qalmış sahələrdə çalışan fərdi sahibkarlar üzrə 1 aprel 2020-ci il tarixdən 01 yanvar 2021-ci il tarixədək olan dövr ərzində məcburi dövlət sosial sığorta haqqının tikinti və ticarət sektorunda çalışanlar üçün 2 dəfə, digər sahələrdə çalışanlar üçün 40% azaldılması təklif olunur. Ən özəl yanaşma sosial sığorta haqqının regionlar üzrə diferensial qaydada tətbiqinin təklifidir”.

Ekspert bildirib ki, azadolma və güzəştlərdən yararlanmayanların da olması mümkündür: “Məsələn, mikrosahibkarlıq subyekləri istisna olmaqla pademiya dövründə nəinki fəaliyyəti azalan, əksinə fəaliyyəti və gəlirləri daha da artan fəaliyyət sahələrindən olan ərzaq və digər yeyinti məhsullarınin istehsalı, pərakəndə və topdan satışı, dərman pereparatlarının istehsalı və satışı, yükdaşıma fəaliyyəti ilə məşğul olanları bura aid etmək olar. Burada bəzi çaşqınlıq yarada bilən məqamlar da mövcuddur. Belə ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə karantin dövründə fəaliyyətinin davam etdirilməsinə icazə verilən fəaliyyət sahələri ilə məşğul olan təsərrüfat subyektlərinə bu güzəştlərin aid edilib-edilməməsi düşündürücü ola bilər. Nəzərə alınmalıdır ki, onlara bu karantin dövründə xüsusi rejim dövrünün tələblərinə, yəni məhdudiyyətlərə əməl etməklə fəaliyyətinə icazə verilib və çətinliklə də olsa qismən fəaliyyət göstərə bilmişdilər. Lakin, bu o anlama gəlmir ki, onlar pandemiyanın təsirinə məruz qalmayıblar. Hesab edirəm ki, koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətlərinin müəyyən edilməsinin geniş təhlilinə ehtiyac vardır. Nəzərdə tutulan güzəşt və azadolmaların əhatə dairəsinin daha da geniş olması arzu olunur”. 

Son xəbərlər

Orphus sistemi