Vasif Abbasov: “Yüksək Texnologiyalar Parkı xarici investorlar üçün platformaya çevriləcək”

Vasif Abbasov: “Yüksək Texnologiyalar Parkı xarici investorlar üçün platformaya çevriləcək” Artıq bir ildir ki, 8 noyabr tarixi Azərbaycan üçün əhəmiyyətli gün kimi “Zəfər günü” kimi tarixə yazılıb. Bu məqsədlə ölkə başçısının müvafiq tapşırığı ilə Bakı metrosunun stansiyalarından və paytaxtın prospektlərindən biri “8 Noyabr” adlandırılıb.
Biznes
8 Noyabr , 2021 11:03
Vasif Abbasov: “Yüksək Texnologiyalar Parkı xarici investorlar üçün platformaya çevriləcək”

Artıq bir ildir ki, 8 noyabr tarixi Azərbaycan üçün əhəmiyyətli gün kimi “Zəfər günü” kimi tarixə yazılıb. Bu məqsədlə ölkə başçısının müvafiq tapşırığı ilə Bakı metrosunun stansiyalarından və paytaxtın prospektlərindən biri “8 Noyabr” adlandırılıb.

8 noyabr tarixinin “Zəfər günü” olması ilə yanaşı ölkədə fəaliyyət göstərən bir sıra müəssisələrin də yaranma günü kimi qeyd edilir.

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı (AMEA YT Park) da yaranma günü həmin tarixə təsadüf edir. Bu məqsədlə Yüksək Texnologiyalar Parkının Baş direktoru, əməkdar mühəndis, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasovun "Report"a müsahibəsini təqdim edirik.

- Vasif müəllim, Yüksək Texnologiyalar Parkının 5 illik fəaliyyətini necə dəyərləndirirsiniz?

- Məlum olduğu kimi, son illərdə AMEA-da da elm, istehsal və sahibkarlığın birgə inkişafına dəstək verilir, burada Azərbaycanın yüksək texnologiyalar sahəsində inkişafı və beynəlxalq aləmə inteqrasiyasının sürətləndirilməsi, eləcə də qeyri-neft sektorları üzrə ideya və biliklərin dəstəklənməsi məqsədilə əhəmiyyətli layihələr həyata keçirilir. Bu layihələrdən biri kimi yaradılmış AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) elmi, innovativ layihələrin dəstəklənməsini, elmin kommersiyalaşdırılmasını nəzərdə tutur.

Hazırda YT Parkında yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, dünya standartlarına tam cavab verən məhsulların hazırlanması və innovativ investisiyalar üçün əlverişli şərait formalaşdırılır.

5 il kiçik müddət olsa da, AMEA-nın Yüksək Texnologiyalar Parkı bu illər ərzində bir çox nailiyyətlərə imza atıb.

Müəssisə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya yönümlü yeni texnologiyaların hazırlanması və təkmilləşdirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Burada istehsal olunan məhsullar beynəlxalq standartlara cavab verir. Park yenilikçi bizneslərin yaradılması istiqamətində özəl sektor, biznes şəbəkələri ilə əlaqələr yaradaraq, innovativ ideyası olan gənc startapçılar və ali məktəblərlə birgə müxtəlif layihələr həyata keçirib, bu istiqamətdə işləri indi də intensiv şəkildə davam etdirməkdədir. Akademiyanın institutlarının əməkdaşlarının müəllifi olduğu kommersiya potensiallı ixtira patentlərinin texnoparkda reallaşdırılması həyata keçirilir.

Texnologiyalar Parkı öz ərazisində fəaliyyət göstərən rezidentlərə müvafiq imtiyazlar təqdim edir, özəl şirkətlərə stimullaşdırıcı şərait yaradır. Rezidentlər 10 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən azad olunurlar. Bundan əlavə, rezidentlərə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarını və əlavə dəyər vergisini (ƏDV) ödəməməklə bağlı güzəştlər tətbiq olunur.

Sahibkarlara infrastruktur obyektlərinin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı ilə bağlı güzəştlər tətbiq olunur ki, bu da onların daha səmərəli fəaliyyət göstərmələrinə, müəyyən kommunal ödəmələrdən azad olmalarına imkan yaradır.

AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) akademiya institutlarının patentləşmiş elmi nailiyyətlərinin kommersiyalaşdırılması, marketinq tədqiqatlarının aparılması, texnoloji transferin həyata keçirilməsi, investor və ya tərəfdaşların cəlb olunması istiqamətində uğurla fəaliyyət göstərir. Hazırda texnopark elm və istehsalat adamlarının bir araya gəldiyi məkana çevrilməkdədir.

- YT Park rezidentlərinin istehsal etdiyi məhsullarla Azərbaycan iqtisadiyyatının inkişafına öz dəstəyini verir. Bu məhsulların ölkənin iqtisadi inkişafında çəkisi nə qədərdir?

- Ölkəmizdə son illərdə yüksək texnologiyaların inkişafına prioritet sahələrdən biri kimi xüsusi önəm verilir. Bu gün Azərbaycanda texnoparkların təşkili İT sənayesinin əsas inkişaf istiqaməti kimi müəyyənləşdirilib. İnnovasiya strukturunun əsas elementi hesab olunan texnoparklar və onların formalaşdırılması prosesinin sürətləndirilməsi, milli iqtisadiyyatın neftdən asılılığının azaldılması Azərbaycan Respublikasının dövlət siyasətinin prioritetlərindəndir.

YT Park da rezidentlərinin istehsal etdiyi məhsullarla Azərbaycan iqtisadiyyatının inkişafına öz dəstəyini verir. Burada istehsal edilən məhsullar daxili tələbatı ödəməklə yanaşı, rəqabətqabiliyyətli olduğu üçün dünya bazarına da ixrac olunur. Park Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması üçün bütün ideya və layihə müəlliflərinin cəlb edilməsi və onların hazır məhsullara çevrilərək istehsalata tətbiq edilməsinə dəstək göstərir.

Texnoparkın rezidentləri tərəfindən istehsal edilən məhsullar MDB məkanında istehsal olunan məhsullarla tam rəqabət apara bilir və bəzi hallarda onları üstələyir.

YTP-nin ilk rezidenti olan Təcrübə-Sənaye Zavodu Qafqaz regionunda ilk olaraq sürtkülərin istehsalını təşkil edib. Bu sürtkülər Avropa standartlarına cavab verir. Bundan əlavə, zavodda dünyada ilk dəfə yüksək keyfiyyət göstəricilərinə malik, ekoloji cəhətdən zərərsiz, iqtisadi cəhətdən isə sərfəli texniki bitki yağları əsasında sürtkülər alınıb.

Hazırda Yüksək Texnologiyalar Parkının infrastrukturunun gücləndirilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Burada innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli elmtutumlu istehsalın inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şərait mövcuddur. Xüsusilə Azərbaycan alimlərinin tətbiqi xarakterli tədqiqatlarının bazar iqtisadiyyatı şəraitlərinə uyğunlaşdırılması istiqamətində mühüm işlər görülür.

- Bildiyimiz kimi, Siz özünüz birinci Qarabağ müharibəsi qazisisiniz. Ötən il Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Bu savaşda Azərbaycan xalqı ordumuza maddi və mənəvi dəstəyini bir an belə əsirgəmədi. Rəhbərlik etdiyiniz qurum ordumuza necə dəstək verdi?

- Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu gün dünyanın ən güclü ordularından biri hesab edilir. Xalqımızın qürur və güvən yeri olan Azərbaycan Ordusunun Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları nəticəsində torpaqlarımızı erməni işğalından azad etməsi ilə qazanılan Zəfər hər bir azərbaycanlının qəlbində qürur hissi yaşadır. Bu yaxınlarda Zəfər Gününün ildönümünü qeyd edəcək xalqımız həmin həssas günlərdə öz vətəndaşlıq mövqeyini bildirdi, ölkənin bütün dövlət və özəl təşkilatları silahlı qüvvələrimizə dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ianələr etdi, müxtəlif yardımlar göstərdilər.

Yüksək Texnologiyalar Parkının kollektivi hər zaman cəsur ordumuzun uğurları və nailiyyətləri ilə qürur duyur və bütün mümkün yollarla onları dəstəkləməyə hazırdır.

44 gün davam edən İkinci Qarabağ müharibəsi günlərində də AMEA-nın rəhbərliyinin tapşırığı ilə YT Park və onun rezidenti olan Təcrübə-Sənaye Zavodu torpaqlarımızın azad edilməsi uğrunda şiddətli və davamlı döyüşlər aparan əsgərlərimizə, tibb məntəqələrimizə və hərbi hissələrə ümumi məbləği 45 000 manat olan çoxlu sayda zəruri tibbi ləvazimatlar, eləcə də Zavodun istehsal etdiyi mühərrik və sürtkü yağlarından ibarət yardım göndərdi.

Təbii ki, bugünkü gündə də Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, təmənnasız kömək ənənələrini davam etdirir, vətəndaşlarımız, xarici ölkələrdə yaşayan soydaşlarımız, sahibkarlar, humanitar və digər təşkilatlar şəhid ailələrinin və hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik nümayiş etdirirlər.

Yüksək Texnologiyalar Parkı da hər zaman Ordumuza lazımi dəstəyi göstərməyə hazırdır.

Ümumiyyətlə, Azərbaycan Respublikasında hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olub. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.

- Bu yaxınlarda YT Parkın baş plan layihəsi təsdiq olunub. Bu barədə də məlumat verməyinizi istərdik.

- Texnoparkın yeni təsdiq olunmuş baş plan layihəsində mövcud maddi-texniki bazanın daha da yaxşılaşdırılması nəzərdə tutulub. Layihəyə əsasən, texnoparkın fəaliyyətinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi, yüksəkkeyfiyyətli yerli məhsulların xarici bazarlara çıxarılması və rəqabətədavamlı ixrac potensialımızın gücləndirilməsi planlaşdırılır.

- Gələcəkdə YT Parkda hansı sahə üzrə fəaliyyət göstərəcək yeni rezidentlərin qəbulu nəzərdə tutulur? Rezident qəbulu zamanı əsas diqqət hansı keyfiyyətlərə verilir?

- İnnovativ potensiallarını effektiv şəkildə həyata keçirmək istəyən yerli və xarici sahibkarlar texnoparkın rezidenti ola, burada elmi-tədqiqat və təcrübələrin sənayedə tətbiqi üçün yaradılmış geniş imkanlardan istifadə edə və birgə layihələr həyata keçirə bilərlər. Yeni rezidentlərin qəbulu zamanı istehsal olunacaq məhsulların rəqabətqabiliyyətli olmasına önəm verilir və yerli və xarici bazarlarda öz yerini tuta bilmək potensialına malik olmasına diqqət yetirilir.

İnanıram ki, Yüksək Texnologiyalar Parkı Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfələrini verməklə yanaşı, yüksək keyfiyyətli, ixrac potensiallı məhsullarla Azərbaycanı ölkənin hüdudlarından kənarda da təmsil edəcək, xarici investorlar üçün müraciət olunan platformaya çevriləcək.

Son xəbərlər

Orphus sistemi