Ukraynanın Poltava Vilayət Şurasının deputatı, enerji məsələləri üzrə ekspert Yevgeni Korf “Report” İnformasiya Agentliyinin baş ofisində olub.
Ofislə tanışlıqdan sonra "Report"un Baş redaktoru Murad Əliyev qonağa Agentliyin fəaliyyəti barədə geniş məlumat verib, Ukrayna ilə bağlı xəbərlərə geniş yer verdiklərini bildirib.
M. Əliyev qeyd edib ki, “Report”un Ukraynadan başqa, Türkiyə, Türkmənistan, Rusiya və bir sıra digər ölkələrdə mərkəzləri fəaliyyət göstərir. Agentlik 3 dildə fəaliyyət göstərir və Ukraynada baş verən hadisələrə xüsusi diqqət ayırır.
Səmimi görüşə və qəbula görə təşəkkürünü bildirən Y. Korf deyib ki, bu, onun Azərbaycana ilk səfəridir, dünən Bakıda baş tutmuş, Ukrayna-Azərbaycan İşgüzar Şurası yaradılması məqsədilə keçirilən tədbirdə iştirak etmək üçün Ukraynanın biznes nümayəndələrinin təkibində ölkəmizə səfər edib.
Şəhərimizin çox gözəl olduğunu dəfələrlə vurğulayan deputat bildirib ki, Ukraynanın iş adamları Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında yaxından iştirak etmək istəyir, bu məsələdə əllərindən gələni əsigəməyəcəklər.
Y. Korfun sözlərinə görə, deputatı olduğu Poltava vilayəti ilə Azərbaycan arasında həm siyasi, həm iqtisadi, həm də mədəni əlaqələrin daha da dərinləşdirilməsində maraqlıdır. O, qeyd edib ki, gələcəkdə Azərbaycan və Ukraynanın iş adamlarının əlaqələri daha da genişlənəcək və bunun üçün lazımi işlər görməkdə maraqlıdır.
Qonağın fikrincə, iki ölkə arasında əlaqələri daha da yaxınlaşdırmaq və dost münasibətlərini daha da sıx etmək üçün yol iş adamlarının biznes əlaqələrinin daha da yaxşılaşdırılmasından keçir.
Görüş tərəfləri maraqlandıran suallar ətrafında müzakirələrlə davam etdirilib.