"Ukrayna Azərbaycanla energetika sahəsində əməkdaşlığa, habelə, daxili bazarda daha effektiv ticarətin həyata keçirilməsi üçün Ukrayna biznesinin Azərbaycan biznesi ilə kooperasiyasının təşviq edilməsinə xüsusi diqqət yetirəcək. Ukrayna şirkətlərinin Azərbaycanda infrastruktur və digər böyük layihələrə cəlb olunmasında xüsusilə böyük perspektivlər görürük. İxracatçılara dəstək üzrə biznes assosiasiyalarının, işgüzar şuraların, institutların fəaliyyəti iqtisadi, o cümlədən investisiya sahəsində digər dövlətlərlə münasibətlərin inkişafını aktivləşdirir”.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın iqtisadiyyat nazirinin müavini Mixail Lev bildirib.
O qeyd edib ki, bu yaxınlarda yaradılmış "TEREZİ" Ukrayna-Azərbaycan Biznes Assosiasiyası iki ölkənin biznes nümayəndələri üçün əlverişli şəraitin yaradılması üzrə ən güclü ictimai alətlərdən birinə çevrilə bilər: “Bu iki ölkə yeni ticarət bazarlarında işə başlamaq niyyətindədir".
Ukrayna rəsmisi Azərbaycanla 6 aylıq iqtisadi əlaqələrə dair hesabat verib. Onun sözlərinə görə, bu ilin I yarısında Ukraynanın Azərbaycana ixracının dəyəri illik müqayisədə 0,4 % artaraq 180 milyon ABŞ dolları, Ukraynanın Azərbaycandan idxalının dəyəri isə 32,3 % artaraq 245,2 milyon dollar təşkil edib.
"Azərbaycana ixracımızda əsas yerləri tütün və tütün əvəzediciləri (xüsusi çəkisi 13,7 %-i), kağız və karton (10,4%), qara metallar (7,9%), süd və süd məhsulları, quş yumurtaları və təbii bal (5,1%), habelə, qara metal məmulatları (5 %) təşkil edib. Azərbaycandan idxalımızın strukturunda isə əsas mövqeni mineral yanacaq, neft və onun distillə məhsulları (xüsusi çəkisi 90,7%) təşkil edib. Biz ixrac strukturunun Azərbaycana yüksək və orta emal dərəcəli malların tədarük həcminin artırılması istiqamətində dəyişdirilməsi üzərində çalışırıq (bu gün maşınqayırma məhsulları ixrac strukturunda 8%-dən çox deyil). Əsas məqsədi Ukrayna ixracına dəstək və xarici investisiyaların cəlb edilməsi, daha dəqiq desək, Assosiasiya üzvlərinə informasiya, hüquqi, təşkilati və digər növ dəstəyin, o cümlədən, birgə layihələrin həyata keçirilməsi üzrə dəstəyin verilməsi olan "TEREZİ" Ukrayna-Azərbaycan biznes assosiasiyasının fəaliyyəti iki ölkə arasındakı ticari və iqtisadi əlaqələrin inkişafı üçün əlavə stimul və praktiki yardımdır", - deyə, nazir müavini əlavə edb.
O, vurğulayıb ki, Ukrayna prezidentinin 26 avqust 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş ölkənin xarici siyasi strategiyası ilə Ukraynanın təhlükəsizliyinə və çiçəklənməsinə nail olmaq üçün məqsədlər müəyyən edilib: "Həmin məqsədlərdən biri xarici siyasətə, habelə, digər ölkələrlə dostluq və qonşuluq münasibətlərinə dəstək göstərilməsidir. Bu baxımdan Azərbaycan Ukrayna üçün çox əhəmiyyətli ölkədir".