Türkiyənin Azərbaycana 6 aylıq ixracının dəyəri 1 milyard dolları üstələyib
- 03 iyul, 2024
- 08:48
Bu ilin I yarısında Azərbaycan Türkiyədən 1 milyard 56,377 milyon ABŞ dolları dəyərində mal idxal edib.
“Report” Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,7 % azdır.
6 ay ərzində Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 1,1 % artaraq 108 milyard 771,215 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Almaniya (8,932 milyard ABŞ dolları; 1 il əvvələ nisbətən 5,5 % az), ABŞ (6,532 milyard ABŞ dolları; 7,5 % çox), İngiltərə (5,884 milyard ABŞ dolları; 6,1 % çox) və İtalya (5,881 milyard ABŞ dolları; 6,8 % çox) həyata keçirib.
Təkcə iyunda isə Türkiyədən Azərbaycana 168,137 milyon dollarlıq mal ixrac edilib ki, bu da illik müqayisədə 2,1 % azdır. Türkiyənin Azərbaycana aylıq ixracı ümumi ixracının 1 %-i qədər olub.