Türkiyəli iş adamı Bora Yazır Gürcüstanın paytaxtı Tbilisidə yerləşən, bu ölkənin ən böyük mətbəəsini alıb.
"Report" xəbər verir ki, bunun üçün sahibkar həmtəsisçisi olduğu şirkət vasitəsilə 1,5 milyon ABŞ dolları ödəniş edib.
B.Yazır sahibi olduğu mətbəəyə əlavə olaraq 1,2 milyon ABŞ dolları investisiya qoymağı planlaşdırır ki, bununla da onun ümumi yatırımı 2,7 milyon ABŞ dollarına çatacaq. Bu məbləğin isə 55%-ni ABŞ-ın investisiya bankı - "Goldman Sachs"dan cəlb ediləcək kreditlər təşkil edəcək.
Gürcüstanla yanaşı Azərbaycan və Qazaxıstandakı sövdələşmələri ilə beynəlxalq bazarlardakı fəaliyyətini genişləndirməyə çalışan B.Yazır son yatırımını belə şərh edib: "Poliqrafiya sahəsində rəqabət əvvəlki vaxtlarla müqayisədə xeyli güclənib. Bu şəraitdə biz dünyanın ən böyük şirkətləri arasında yüksəlməklə hədəflərimizə çatacağıq".
O, hazırda kiçilməkdə olan dünya iqtisadiyyatında artımın yalnız düzgün investisiya hesabına əldə oluna biləcəyini vurğulayıb, bu işlə məşğul olan şirkətə və komandaya rəhbərlik etdiyi üçün qürur duyduğunu bildirib, növbəti addımların Azərbaycan və Qazaxıstan istiqamətində olacağını qeyd edib.
B.Yazırın sözlərinə görə, yeni investisiyalar ona gündəlik istehsal həcmini 270% (3,7 dəfə) artırmağa, həm tələbatı ödəməyə, həm də rəqibləri arasında mövqeyini möhkəmləndirməyə imkan verəcək.