Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 26 % azalıb

Biznes
  • 30 noyabr, 2024
  • 07:46
Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 26 % azalıb

Bu ilin yanvar-oktyabr aylarında Türkiyədə Azərbaycan kapitallı 166 yeni şirkət yaradılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25,9 % azdır.

“Report” bu barədə "Türkiyə Odalar və Birjalar Birliyi"nə (TOBB) istinadən xəbər verir.

Məlumata görə, yanvar-oktyabr aylarında yaradılmış şirkətlərin 21-i (illik müqayisədə 41,7 % az) səhmdar cəmiyyət (SC), 145-i isə (22,9 % az) məhdud məsuliyyətli cəmiyyət (MMC) olub.

Hesabat dövründə yaradılmış şirkətlərin ümumi kapitalı 290,74 milyon türk lirəsi (14,537 milyon ABŞ dolları) olub ki, bu da 1 il əvvələ nisbətən 33,3 % azdır. Bunun 85,3 %-ini və yaxud 247 milyon 952 min türk lirəsini (12,398 milyon ABŞ dolları) sırf Azərbaycan vətəndaşları təmin edib. Bu, 2023-cü ilin 10 ayı ilə müqayisədə 27,5 % azdır.

Təkcə oktyabrda isə Azərbaycan vətəndaşları Türkiyədə 14 şirkət (illik müqayisədə 26,3 % az) yaradıb. Yeni şirkətlərin 3-ü SC (50 % çox), 11-i MMC (35,3 % az) olub.

Ümumi kapitalı 132,05 milyon türk lirəsi (6,603 milyon ABŞ dolları; 4,4 dəfə çox) olan ortaq şirkətlərin kapitalının 99,6 %-i və yaxud 131,49 milyon türk lirəsi (6,575 milyon ABŞ dolları; 4,4 dəfə çox) azərbaycanlılara məxsus olub.