Türkiyədə yeni şirkətlərə Azərbaycan investisiyaları 2,6 dəfə artıb

Biznes
  • 29 may, 2023
  • 09:00
Türkiyədə yeni şirkətlərə Azərbaycan investisiyaları 2,6 dəfə artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan vətəndaşları Türkiyədə 92 şirkət yaradıblar ki, bu da, 2022-ci iin eyni dövrü ilə müqayisədə 9,5 % çoxdur.

“Report” bu barədə Türkiyə Odalar və Birjalar Birliyinə (TOBB) istinadən xəbər verir.

Məlumata görə, bu il yaradılan şirkətlərin 13-si (illik müqayisədə 23,5 % az) səhmdar cəmiyyət, 79-u isə (17,9 % çox) məhdud məsuliyyətli cəmiyyət formasındadır.

Hesabat dövründə yaradılan şirkətlərin ümumi kapitalı 92,03 milyon türk lirəsi (4,602 milyon ABŞ dolları) olub ki, bu da, 2022-ci ilin eyni dövrünə nisbətən 97,2 % çoxdur. Bunun 90,7 %-i və ya 83,498 milyon türk lirəsi (4,175 milyon ABŞ dolları; 2,6 dəfə çox) Azərbaycanın payına düşüb.

Təkcə bu ilin aprel ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 23 şirkət (2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 % az) yaradıb. Şirkətlərin 1-i səhmdar cəmiyyət (7 dəfə az), 22-si MMC (il ərzində 22,2 % çox) olub.

Ümumi kapitalı 15,53 milyon türk lirəsi (0,777 milyon ABŞ dolları; 31,8 % azalıb) olan ortaq şirkətlərin 83,5 %-i və ya 12,974 milyon türk lirəsi (0,649 milyon ABŞ dolları; 3,6 % az) dəyərində hissəsi Azərbaycana məxsus olub.