Türkiyə şirkəti Azərbaycanda özəl investisiya fondu yaradacaq

Biznes
  • 13 dekabr, 2021
  • 05:35
Türkiyə şirkəti Azərbaycanda özəl investisiya fondu yaradacaq

Türkiyənin aparıcı portfel idarəetmə şirkəti “Re-Pie Portföy Yönetimi” Azərbaycanın müstəqil investisiya konsaltinq şirkəti “Blackgarden Advisory” ilə strateji əməkdaşlıq qurduğunu açıqlayıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, şirkət yeni strateji tərəfdaşlıq çərçivəsində investorlara regional investisiyalara çıxış, daha yüksək gəlir əldə etmə və artan nisbətdə portfel diversifikasiyası nail olma potensialı təqdim etməyi hədəfləyir. “Re-Pie” əməkdaşlıq çərçivəsində Azərbaycana yönəlmiş özəl investisiya fondunun yaradılmasını da planlaşdırır.

Xatırladaq ki, "Blackgarden Advısory" MMC bu ilin yanvar ayında dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manat, təmsilçisi isə Emin Nurəddin oğlu Kərimovdur. "Blackgarden Advısory" partnyor şəbəkəsi vasitəsilə Azərbaycanda, Türkiyədə, Qazaxıstanda, Özbəkistanda, Ukraynada, Böyük Britaniyada, ABŞ-da birgə fəaliyyət (joint venture) tərəfdaşlıqların qurumasına, bizneslərin satın alınmasında, satışında və ya təsisi edilməsində fərdi investorlara və şirkətlərə xidmətlər göstərir.

“Re-Pie Portföy Yönetimi” şirkəti 2,4 milyard TL portfel dəyəri ilə Türkiyənin ən böyük bank olmayan portfel idarəetmə şirkətidir. Şirkət daşınmaz əmlak, texnologiya və innovasiya yönümlü biznes modellərinə sərmayə qoyur. Bu çərçivədə, “Re-Pie Portföy Yönetimi” fintex, əşyaların interneti (IoT), təhsil və tikinti texnologiyaları kimi böyümə potensialı olan sahələrdə fəaliyyət göstərən 20-ə yaxın startaplara sərmayə qoymağı hədəfləyir.