Türkiyə Azərbaycana qarğıdalı yağı ixracını dəfələrlə artırıb
- 17 iyun, 2022
- 07:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 11,136 milyon ABŞ dolları dəyərində 6 min 898 ton qarğıdalı yağı alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 31,5 % artıb.
Hesabat dövründə Argentinadan 5,404 milyon ABŞ dolları dəyərində 3 min 483 ton, Türkiyədən 4,933 milyon ABŞ dolları dəyərində 3 min 024 ton, Rusiyadan 751,49 min ABŞ dolları dəyərində 372,27 ton, İtaliyadan 43,49 min ABŞ dolları dəyərində 18,68 ton, Almaniyadan 3,69 min ABŞ dolları dəyərində 0,8 ton məhsul gətirilib.
2021-ci ilin ilk 4 ayının göstəriciləri ilə müqayisədə Argentinadan tədarük müvafiq olaraq 7,6 % və 12,6 % azalıb, Türkiyədən – 5,7 dəfə və 7 dəfə artıb, Rusiyadan – 42,7 % və 46,9 % azalıb, İtaliyadan – 82,3 % və 81,6 % azalıb, Almaniyadan – 19,4 % və 18,4 % azalıb.
Qeyd edək ki, aprel ayında Argentinadan tədarük olmayıb. Bu ayda Azərbaycan qarğıdalı yağını əsasən Türkiyədən idxal edib və tədarük həcmləri apreldə öncəki 3 ayın göstəricisinə nisbətən 49 % artıb.
Xatırladaq ki, ötən il xaricdən (12 ölkə) aldığımız 20 min 527 ton qarğıdalı yağının 58 %-i Argentinanın, 19,4 %-i Braziliyanın, 8,8 %-i Rusiyanın, 7,6 %-i Türkiyənin payına düşüb.