Türkiyə Azərbaycana kombayn ixracını bərpa edib

Biznes
  • 05 avqust, 2022
  • 09:58
Türkiyə Azərbaycana kombayn ixracını bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 3,665 milyon ABŞ dolları dəyərində 32 ədəd taxılyığan kombayn gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,3 dəfə, kəmiyyət olaraq – 3 dəfə artıb.

Hesabat dövründə Polşadan 3,525 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 5 dəfə artıb) 30 ədəd (+5 dəfə), Çindən 136,73 min ABŞ dolları dəyərində 1 ədəd (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 3,71 min ABŞ dolları dəyərində 1 ədəd kombayn alınıb.

Dörd il 9 aylıq fasilənin ardından Türkiyədən tədarük bərpa edilib.

Hesabat dövründə Azərbaycan yalnız Gürcüstana taxılyığan kombayn ixrac edib. Həmin ölkəyə 1 il 8 aylıq fasilənin ardından 99,5 min ABŞ dolları dəyərində 1 ədəd kombayn satılıb.

Qeyd edək ki, ötən il Azərbaycanın idxal etdiyi 17 ədəd kombaynın 6-sı Polşanın, 5-i Almaniyanın, 4-ü Rusiyanın, qalanları isə İtaliya və Çinin payına düşüb.