Tovuzda istehlakçı hüquqlarına dair konfrans keçirilib

Tovuzda istehlakçı hüquqlarına dair konfrans keçirilib "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" adlı tədbirdə 100-dən çox iştirakçı olub
Biznes
25 Avqust , 2017 14:47
Tovuzda istehlakçı hüquqlarına dair konfrans keçirilib

Bakı. 25 avqust. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Tovuzda növbəti maarifləndirici konfrans keçirilib. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda 100-dən çox insanın iştirakı ilə keçirilən konfransda istehlakçı hüquqlarının qorunması sahəsində qanunvericilik, hər bir istehlakçının bilməli olduğu aktual məsələlər barədə məlumat verilib, həyata keçirilən maarifləndirmə tədbirləri diqqətə çatdırılıb.

Bildirilib ki, istehlakçıların maarifləndirilməsi məqsədilə mütəmadi olaraq konfrans və seminarlar, dəyirmi masalar təşkil edilir, istehlakçı hüquqları barədə maarifləndirici məlumatlar yayılır, ticarət və ictimai-iaşə obyektlərinin xidmət personalı üçün təlimlər keçirilir, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda bukletlər, yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq istehlakçılara paylanılır. 

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq, istehlak bazarında mal və xidmətlərin keyfiyyəti ilə yanaşı, istehlakçı fəallığı yüksəlib, istehlakçı hüquqlarının müdafiəsində ictimai nəzarətin rolu artıb.

Xidmət əməkdaşlarının istehlakçı hüquqlarına dair məruzələrində qanunvericiliyin tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri və s. barədə ətraflı məlumat verilib, tədbir iştirakçılarının sualları cavablandırılıb, istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

Həmin bu gün həmçinin Tovuzda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda seminar keçirilib. Seminarda Dövlət Xidmətinin əməkdaşları iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıblar.

Son xəbərlər

Orphus sistemi