“Ticarət şəbəkələrinin inkişafı” İB-yə 6 marketlər şəbəkəsi qəbul edilib

“Ticarət şəbəkələrinin inkişafı” İB-yə 6 marketlər şəbəkəsi qəbul edilib Sentyabrın 3-də “Ticarət şəbəkələrinin inkişafı” İctimai Birliyinin (İB) ilk iclası keçirilib.
Biznes
5339
4 Sentyabr , 2020 17:38
“Ticarət şəbəkələrinin inkişafı” İB-yə 6 marketlər şəbəkəsi qəbul edilib

Sentyabrın 3-də “Ticarət şəbəkələrinin inkişafı” İctimai Birliyinin (İB) ilk iclası keçirilib.

"Report"un xəbərinə görə, iclasda respublikanın iri marketlər şəbəkələrindən olan “Bravo”, “Rahat”, “Araz”, “Bazar Store”, “Grandmart” və “Bolmart” market şəbəkələri İctimai Birliyə üzv qəbul edilib, təşkilatın gələcək fəaliyyəti müzakirə olunub.

İctimai Birliyin sədri Samir Abdullayev iclasda birliyin fəaliyyəti və perspektiv planları barədə məlumat verib. 

Qeyd edək ki, bu ilin iyul ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Ticarət şəbəkələrinin inkişafı” İctimai Birliyi təsis edilib.

İctimai Birliyin məqsədi müxtəlif ölçülü ticarət şəbəkələri arasında əlaqələri gücləndirmək, onların işinə dəstək olmaq, ticarət şəbəkələri arasında məlumat mübadiləsini həyata keçirmək, ölkəmizdə ticarətin inkişafı, yerli istehsal sahələrinin ticarət dövriyyəsinə cəlb edilməsinə və sahibkarlıq subyektləri tərəfindən istehsal edilən məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək göstərmək, pərakəndə satış sahəsini inkişaf etdirməkdir.

Bu məqsədlərə nail olmaq üçün İctimai Birlik üzvlərinin fəaliyyətini əlaqələndirəcək, pərakəndə satış sahəsində fəaliyyət göstərən subyektlərin işçiləri üçün müxtəlif seminar və treninqlər təşkil edəcək. 

“Ticarət şəbəkələrinin inkişafı” İctimai Birliyi pərakəndə satış, o cümlədən qida və qeyri-qida məhsullarının satışı sahəsində fəaliyyət göstərən ticarət subyektlərini birliyə üzv olmağa və bu sahədə birgə əməkdaşlığa dəvət edir (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 65C, telefon: (012) 596 56 09 (daxili-123), 050 310 50 72).

Son xəbərlər

Orphus sistemi