Ticarət Evinin rəhbəri: “WizzAir reysinin açılmasından sonra Azərbaycana biznesmen və turistlərin axını başlayıb” - MÜSAHİBƏ

Ticarət Evinin rəhbəri: “WizzAir reysinin açılmasından sonra Azərbaycana biznesmen və turistlərin axını başlayıb” - MÜSAHİBƏ “Ticarət Evinin portfoliosunda müxtəlif sahələrdən 100-dək şirkət fəaliyyət göstərir”
Biznes
31 Oktyabr , 2014 16:18
Ticarət Evinin rəhbəri: “WizzAir reysinin açılmasından sonra Azərbaycana biznesmen və turistlərin axını başlayıb” - MÜSAHİBƏ

Bakı. 31 oktyabr. REPORT.AZ/ Macarıstanın Azərbaycandakı Ticarət Evinin baş direktoru Ceyhun Abdullayevin “Report” İnformasiya Agentliyinə müsahibəsi:

- Bu ilin dekabr ayında Azərbaycan-Macarıstan Ticarət Evinin iki illiyi qeyd olunacaq. Ötən iki il üçün qurumun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Ümumilikdə, son illərdə Azərbaycanla Macarıstan arasında müxtəlif sahələrdə çox sıx əməkdaşlıq olub. Artıq hər iki ölkənin kiçik şirkətləri də əməkdaşlıq edirlər. Bu sıraya tikinti, kənd təsərrüfatı, turizm sahələrini aid etmək olar. Macarıstanın WizzAir aviaşirkətinin Bakıya reysinin açılmasından sonra Azərbaycana çoxlu biznes adamlarının, turistlərin axını olub. Bizim insanların da Avropaya getməsi asanlaşdı. Təbii ki, bu, bir çox sahələrdə əməkdaşlığın yaranmasına səbəb olub. Bütün bunlar dövlətimizin düzgün, açıq siyasətinin, sərmayəçilərin özünü burada rahat hiss etməsinin nəticəsidir. Bizim Macarıstanla işbirliyimiz davam edir, inkişaf edir. Bu işdə bizə Macarıstanın Azərbaycandakı səfirliyi, səfir Jolt Çutora da hərtərəfli dəstəyini göstərir.

- Ticarət Evi çərçivəsində nə qədər şirkət fəaliyyət göstərir? Qurumunuzla əməkdaşlıq kiçik qurumların iri şirkətə çevrilməsinə hər hansı köməklik göstəribmi?

- Kiçik şirkətin iri şirkətə çevrilməsi asan məsələ deyil. Çünki adicə əlaqələrin yaradılması, biznes planının hazırlanması, müəyyən işlərə qoşulması özü vaxt tələb edir. Amma ilk addımlar, ilk işlər, sərmayələrin qoyulması istiqamətində  atılır, ortaq layihələrdə Macarıstan şirkətləri də iştirak edir. Ümumiyyətlə bizə müraciət edən şirkətlərə əlimizdən gələn köməkliyi edirik. Onların burada vaxt itirmədən rahat işləmələri üçün bütün hüquqi yardımları göstəririk,  istiqamətləndiririk, digər şirkətlərlə tanış edirik. Onlar da gəlib görüşürlər, öz biznes planlarını təqdim edirlər.

Ticarət evində neçə şirkətin fəaliyyət göstərilməsinə gəlincə, qurumun portfoliosunda müxtəlif sahələrində fəaliyyət göstərən 100-dək şirkət var.

- Ticarət Evinin fəaliyyət göstərməsi Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinin artmasına yardım edibmi? Ötən illərlə müqayisədə bu göstəricilərdə fərq varmı?

- Təbii ki, artım var. Elementar olaraq, iki ölkə arasında uçuşların başlanması, insanların hər iki istiqamətə getməsi bu göstəricinin artmasına səbəb olur. İstər turizm, istər kənd təsərrüfatı, istər səhiyyə, həmçinin digər sahələrdə artım müşahidə olunur.

Macarıstanın termal mənbələri var, bizim vətəndaşlar da ora gedib, müalicə alırlar.

- Sizin fikrinizcə, Azərbaycanla Macarıstan arasında biznes münasibətlərində hər hansı maneələr varmı? Siz işgüzar əlaqələrin daha da inkişaf etməsi üçün nə təklif edərdiniz?

- Bu gün Azərbaycanda biznes üçün elə şərait, mühit yaradılıb ki, istər Macarıstan, istərsə də  digər ölkədən olan şirkətlərin fəaliyyətinə heç bir maneə yoxdur. Əsas lazım olan işin düzgün qurulması, işi düzgün istiqamətə yönəltməkdir. Amma perspektivlərimiz çoxdur, işlər lazımi səviyyədə gedir.

- Gələn həftə Macarıstanın xarici işlər naziri Peter Siyartonun Azərbaycana səfəri planlaşdırılıb. Bu səfərin iki ölkə arasında biznes əlaqələrinin artmasına gətirib çıxaracağına ümid edirsinizmi?

- Təbii ki, səfər ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərəcək. Peter Siyarto mənim yaxın dostumdur, Azərbaycanı sevən gənc nazirdir, ikitərəfli əməkdaşlığın daha da möhkəm olmasına çalışan insandır.

Son xəbərlər

Orphus sistemi