Tibbi ölçü cihazları dövlət yoxlamasından keçməlidir

Tibbi ölçü cihazları dövlət yoxlamasından keçməlidir Mülkiyyət formasından asılı olmayaraq, səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazları istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövrü yoxlamadan keçirilməlidir.
Biznes
22 Yanvar , 2021 10:02
Tibbi ölçü cihazları dövlət yoxlamasından keçməlidir
0 : 00
0 : 00

Mülkiyyət formasından asılı olmayaraq, səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazları istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövrü yoxlamadan keçirilməlidir. Məqsəd göstərilən səhiyyə xidmətləri zamanı xəstəliklərin diaqnostikasında istifadə olunan klinik-laborator, rentgen aparatları və.s kimi diaqnostik tibbi cihazların qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyatı və sağlamlığına mənfi təsirinin qarşısını almaqdır.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin açıqlamasında bildirilir.

"Dövlət Xidməti səhiyyə sahəsində xidmət göstərən subyektlərin nəzərinə çatdırır ki, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanuna əsasən, səhiyyə sahəsində yalnız üzərində yararlılığına dair yoxlama nişanı və ya yoxlama haqqında şəhadətnaməyə malik tibbi ölçü cihazlarından istifadəyə icazə verilir.

İnzibati Xətalar Məcəlləsinə əsasən səhiyyə sahəsində ölçmələrin tipi təsdiq edilməmiş və ya yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadəyə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manata qədər cərimə olunur.

Mülkiyyət formasından asılı olmayaraq, səhiyyə sahəsində xidmət göstərən subyektlər tibbi ölçü cihazlarını ilkin yoxlamadan və ya dövrü yoxlamadan keçirmək üçün "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsə və ya ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş digər qurumlara müraciət edə bilərlər.

İstehlakçılara tövsiyyə olunur ki, səhiyyə xidmətlərindən istifadə edərkən ölçmələrin qeyri-dəqiq nəticələri ilə qarşılaşmamaq üçün tibbi ölçü cihazlarının yararlılığına dair təsdiqedici sənədi tələb etsinlər, yoxlamadan keçməmiş tibbi cihazlarla göstərilən xidmətləri almaqdan çəkinsinlər. Bu kimi hallarla qarşılaşdıqları təqdirdə istehlakçılara Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur (tel: 498-15-01 və 498-15-04)”, - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi