Tezliklə Qazaxıstanın daha iki şəhərində Azərbaycan Ticarət Evi açılacaq

Tezliklə Qazaxıstanın daha iki şəhərində Azərbaycan Ticarət Evi açılacaq Eyni zamanda, bu gün Bakıda Qazaxıstan Ticarət Evinin də açılışı baş tutub
Biznes
25 May , 2021 18:07
Tezliklə Qazaxıstanın daha iki şəhərində Azərbaycan Ticarət Evi açılacaq

"Bu gün Qazaxıstanda Azərbaycanın hələki ilk və yeganə Ticarət Evinin açılışını həyata keçiririk. Yaxın aylar ərzində Azərbaycan Ticarət Evi Aktau və Almatı şəhərlərində də özünün filiallarını açmağı nəzərdə tutur".

“Report”un məlumatına görə, bunu Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov bu gün Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində baş tutan Azərbaycan Ticarət Evinin rəsmi açılışı zamanı bildirib.

Onun sözlərinə görə, Nur-Sultan şəhərində Azərbaycan Ticarət Evinin açılışı Azərbaycanın 28 may – Müstəqillik Günü ərəfəsində baş tutub.

O qeyd edib ki, Qazaxıstanda Azərbaycan Ticarət Evinin açılışı iki ölkənin – Azərbaycan və Qazaxıstan prezidentlərinin tapşırığı ilə həyata keçirilib: “Ümid edirik ki, tezliklə ölkənin coğrafiyası Azərbaycan Ticarət Evləri ilə əhatə olunacaq. Bu Ticarət Evinin açılması iki ölkə arasında birbaşa iqtisadi əlaqələrin yaradılması üçün çox yaxşı meydançadır. Bu, qazaxıstanlı iş adamları üçün böyük imkanlar yaradacaq. Azərbaycan Ticarət Evi qazaxıstanlıların Azərbaycan istehsalı olan dadlı məhsullarına və sənaye mallarına çıxış əldə etmək üçün geniş imkan yaradacaq. Bu, iki ölkə arasında ticarəti daha da inkişaf etdirməsi üçün çox mühüm meydandır və geniş imkanlar yaradacaq”.

O vurğulayıb ki, pandemiya bütün ölkələrin planlarını geri salıb. O həmçinin bütün ölkələrin bir-biri ilə iqtisadi inkişafına təsir göstərib. Təbii ki, Azərbaycan və Qazaxıstan pandemiya dövründə də ikitərəfli əlaqələri genişləndirmək üçün müəyyən addımlar atır.

Səfir bildirib ki, pandemiya olmasına baxmayaraq iki ölkə arasında yükdaşımaların həcmi artmaqdadır: “İki ölkənin infrastruktur layihələrinə yatırdığı milyardlarla dollar vəsait iki ölkənin inkişafına imkan yaradır”.

Sonda səfir Qazaxıstanda Azərbaycan Ticarət Evinin açılmasına görə Azərbaycan İqtisadiyyat Nazirliyinə və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna təşəkkürünü bildirib.

Eyni zamanda, bu gün Bakıda Qazaxıstan Ticarət Evinin də açılışı baş tutub.

Qeyd edək ki, Nursultandakı Azərbaycan Ticarət Evində Azərbaycan istehsalı olan məhsullar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi