ABŞ-ın Kaliforniya ştatında yerləşən “Tesla” şirkəti daha əvvəl buraxdığı elektrik avtomobillərinin bir hissəsini qüsurları aradan qaldırmaq üçün geri qaytarır.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Çin Dövlət Bazarın Tənzimlənməsi Administrasiyası (SAMR) bu ölkədə 2016-cı il 16 mart – 31 iyul tarixləri arasında istehsal olunmuş “Model X” modelinə aid 870 ədəd avtomobili damının arxa hissəsinin qopması təhlükəsinə qarşı geri qaytarır.
Bundan əvvəl ”Tesla” 2015-ci ilin sentyabrından 2016-cı ilin iyul ayınadək istehsal edilmiş 9 136 ədəd adıçəkilən modelə aid avtomobilin də eyni problemə görə geri qaytarıldığını açıqlamışdı.
Bununla yanaşı, “Tesla” 2020-ci ildə istehsal olunmuş 401 ədəd “Model Y” avtomobilin də sükan mexanizminin kifayət qədər bərkidilməməsi şübhəsilə bağlı geri qaytarıldığını bildirib.