Təhlükəsiz ticarətin təşkil edilməsi məsələləri müzakirə edilib

Təhlükəsiz ticarətin təşkil edilməsi məsələləri müzakirə edilib "Risklərin idarə edilməsi və rəqəmsallaşma yolu ilə təhlükəsiz ticarətin təşkili" mövzusunda birgə iclas keçirilib
Biznes
23 Aprel , 2021 09:50
Təhlükəsiz ticarətin təşkil edilməsi məsələləri müzakirə edilib

Aprelin 22-də Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının Gömrük Əməkdaşlığı Komitəsi və sanitar, fitosanitar regional işçi qrupunun "Risklərin idarə edilməsi və rəqəmsallaşma yolu ilə təhlükəsiz ticarətin təşkili" mövzusunda birgə iclası keçirilib.

Bu barədə "Report"a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Məlumata görə, iclasda beynəlxalq ticarətin təhlükəsiz və kağızsız texnologiyalar əsasında həyata keçirilməsi, informasiya texnologiyalarının tətbiqi ilə rəqəmsallaşmanın inkişaf etdirilməsi, risklərin idarə olunması məsələləri müzakirə edilib.

DGK sədrinin müavini Cavad Qasımov bildirib ki, müasir dünyada ikitərəfli, regional və çoxtərəfli əməkdaşlığın qurulmasında rəqəmsallaşma mühüm əhəmiyyət daşıyır, iqtisadiyyatın, ticarətin keyfiyyətli və dayanıqlı inkişafında əhəmiyyətli rol oynayır. Gömrük sistemində informasiya texnologiyalarının geniş şəkildə tətbiqi hesabına prosedurların, gömrük əməliyytatlarının elektronlaşdırılması beynəlxalq ticarətin asanlaşdırılmasına, sərhədkeçmə proseslərinin sürətləndirilməsinə şərait yaradır.

Komitə sədrinin müavini vurğulayıb ki, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi risklərin səmərəli şəkildə idarə edilməsinə, dəyərləndirilməsinə zəmin yaradır ki, bu da mallar üzərində səmərəli gömrük nəzarətinin təşkili, gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi baxımından əhəmiyyətlidir. Cavad Qasımov iclasda bu istiqamətdə faydalı fikir mübadiləsinin aparılacağına və müzakirələrin əməkdaşlığın güclənməsinə, iqtisadiyyatın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonra iclasda risklərin idarə olunması, gömrük-sərhəd keçid məntəqələrində sanitar, fitosanitar və baytarlıq nəzarətinin təşkili və digər mövzularda beynəlxalq və yerli təcrübələrə əsaslanan təqdimatlar nümayiş etdirilib, müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi