Tbilisidə mənzil kirayəsi bahalaşıb

Biznes
  • 15 aprel, 2022
  • 08:36
Tbilisidə mənzil kirayəsi bahalaşıb

Tbilisidə kirayə mənzil bazarında qiymətlər illik müqayisədə 48 % artıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə "TBC Bank"ın “TBC Capital” konsultativ bölməsinin hazırladığı araşdırmada bildirilir.

Hesabata əsasən, bu ilin mart ayında kirayənin qiymətində aylıq müqayisədə 20,1 % artım qeydə alınıb.

Bahalaşmaya əsas səbəb kimi Ukraynada müharibəyə görə Rusiya, Belarus və Ukraynadan olan emiqrantlar tərəfindən tələbatın əhəmiyyətli dərəcədə artması göstərilir. Bazara həmçinin ali məktəblərdə əyani tədrisin bərpası və qlobal inflyasiyanın rekord templəri də təsir edib.

Mart ayında daşınmaz əmlak bazarında sövdələşmələrin sayı illik müqayisədə 22,8 % artıb.

Ən çox tələbat yeni binalardakı mənzillərə olub. Mart ayında bağlanmış sövdələşmələrin təxminən 65 %-i məhz bu mənzillərin payına düşüb. Ən çox üstünlük Tbilisinin Saburtalo, Vake və Didube rayonlarındakı mənzillərə verilib.