Donald Trampın ABŞ-da prezident seçkilərində qalib gəlməsinə həm də dünyada sağlar hərəkatının hakimiyyətə gəlməsi dalğasının bir hissəsi kimi baxmaq lazımdır.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib.
"Bu tendensiya artıq Braziliyada, Hindistanda, Avropa ölkələrində aydın sezilir. Sağların ən bariz nümayəndəsi olan D.Trampın iqtisadi siyasətində aşağıdakı istiqamətlər üstünlük təşkil edəcək:
- İri korporasiyaların azad kaptalizmi. Seçki öncəsi D.Tramp iri korporasiyalar üçün vergilərin azaldılmasını, dövlət tənzimlənməsinin isə zəiflədilməsini müdafiə edib. Bu iqtisadi siyasət iqtisadi artımı gücləndirəcək, sosial bərabərsizliyi isə gücləndirəcək.
- Daxili bazarın qorunması. D.Trampın iqtisadi siyasətində bu istiqamət mühüm yer tutur. ABŞ-ın illik idxalının dəyəri 3,1 trilyon dolları keçir. D.Tramp bütün idxalı əlavə 10 %, ÇİN-dən gələn məhsulları isə əlavə 60 % rüsüma cəlb etməyi planlaşdırır. Əsas məqsəd daxili istehsalı gücləndirmək, yeni iş yerləri açmaqdır.
- Qeyri-qanuni miqrasiya ilə mübarizə, polis nəzarətinin gücləndirilməsi və milliləşmə. D.Trampın iqtisadi siyasəti bir çox sahələrdə sosial narazılıqlara səbəb ola biləcək. Dövlət baş verə biləcək hadisələrin qarşısının alınması üçün güc strukturlarının gücləndirilməsini planlaşdırır.
- D.Tramp ənənəvi olaraq neftin əlçatan, amma ucuz olmasının tərəfdarıdır. "Yaşıl enerji" və iqlim dəyişikliklərində inamsızlıq nümayiş etdirən iqtisadi siyasətin dəyişikliklərə məruz qalacağına ancaq ümid etmək olar.
- Kadr islahatları. D.Tramp tərəfdarları qısa müddətdə dövlət aparatında 50 minə yaxın qulluqçunu dəyişməyi planlaşdırırlar. Onlara görə yeni kadrlar olmadan uğurlu iqtisadi siyasət icra etmək çətin olacaq.
- “Layihə 2025”. 1980-ci illərdən başlayaraq ABŞ-da "Heritage Foundation" ABŞ prezidentləri üçün islahat təklifləri hazırlayır. D.Tramp administrasiyasının bir çox iqtisadi siyasət istiqamətlərində bu sənədən istifadə edəcəyi gözlənilir.
Dünya iqtisadiyyatının təqribən 1/4 i ABŞ a aiddir. Ona görə ABŞ prezidentinin hansı iqtisadi siyasət yürütməsi bütün dünya iqtisadiyyatına təsir edəcək. Dünya artıq müharibələrdən, sanksiyalaradan, inzibati iqtisadi müdaxilərdən yorulub. Ümid edirik ki, dünyada iqtisadi inkişafın qarşısında olan bu maneələr azaldılacaq", - deyə o qeyd edib.