Şuşa Bəyannaməsi Azərbaycana və regiona hansı faydanı verəcək?

Şuşa Bəyannaməsi Azərbaycana və regiona hansı faydanı verəcək? 4,5 milyard ABŞ dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır
Biznes
18 İyun , 2021 12:58
Şuşa Bəyannaməsi Azərbaycana və regiona hansı faydanı verəcək?
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan

Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi iki ölkə arasında strateji əməkdaşlığı dərinləşdirməklə yanaşı iqtisadi münasibətlərin də genişlənməsinə imkan yaradacaq.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bəyannamənin ən spesifik cəhətlərindən biri də milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılmasıdır: “Bu ölkələrin iqtisadi və ticarət diversifikasiyası ilə bağlı bir-birilərinə qarşılıqlı dəstək olacağı anlamına gəlir. Ticari şaxələnmənin hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığını nəzərə alsaq bu sahədə əməkdaşlıq iqtisadi inkişafın dayanıqlığı baxımından da vacib hesab olunur”.

Son illərdə Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub

V.Bayramov deyib ki, digər mühüm məqam malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsidir: “Bu il martın 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minıb. Saziş 15 mal qrupunu əhatə edir. Bu saziş nəticəsində iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı gözlənilir. Bu o deməkdir ki, artıq bu sahədə real addımlar atılmaqdadır. Qardaş ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard ABŞ dollarına çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər. Şuşa Bəyannaməsində nəzərdə tutulan tədbirlər bu hədəfə nail olmaq üçün yeni imkanlar yaradacaq.

Vüqar Bayramov
Vüqar Bayramov

Qeyd edək ki, 4,5 milyard ABŞ dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon ABŞ dollara çatıb”.

Zəngəzur dəhlizinin açılması ilə regionda nəqliyyat-kommunikasiya əlaqələri bərpa ediləcək

O qeyd edib ki, vacib istiqamətlərdən biri də məhz intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqidir:

“Zəngəzur dəhlizi 1,1 trilyon ABŞ dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı ölkəmizin starteji əhəmiyyətini də artıracaq. Dəhliz kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də, Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.

Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşılığı gücləndirməklə iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradacaq”.

Son xəbərlər

Orphus sistemi