İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin (STP) Türkiyənin iri sənaye qrupu - "Kibar Holding"ə aid "Assan Panel Sanayı ve Ticaret Anonim Şirkəti" ilə birgə yaratdığı "Assan-STP Panel" MMC-ni dövlət qeydiyyatına alıb.
"Report" xəbər verir ki, yeni şirkət STP-nin yerləşdiyi Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Texnopark ərazisində qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı İhsan Tolga Akardır. Şirkət STP-nin Sendviç Panelləri Zavodunun bazasında yaradılıb.
Xatırladaq ki, bu ilin əvvəlində Azərbaycan və Türkiyə şirkətləri sendviç panellərin və tamamlayıcı məhsulların istehsalı üzrə birgə müəssisə yaratmaq məqsədilə müqavilə imzalayıblar. Razılaşma STP ilə yanaşı ölkə iqtisadiyyatı üçün də böyük əhəmiyyət kəsb edir. Belə ki, dünyada sendviç panel istehsal edən on ən böyük şirkətdən biri olan "Assan Panel"in Azərbaycana gəlməsi ölkənin məhsul idxalından asılılığın azalması, ixrac potensialının artırılması, həmçinin, ölkənin qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi baxımından önəmlidir.
Birgə müəssisə beynəlxalq standartlara cavab verən yerli istehsalı yeni sərmayə hesabına müasirləşdirərək Gürcüstan, Rusiyanın Cənub bölgəsi və Orta Asiya ölkələrinə satış həyata keçirməyi hədəfləyir. Yaradılacaq müəssisə "Kibar Holding"in “Assan Panel” brendi ilə yanaşı yeni brendlər altında yüksək keyfiyyətli, geniş çeşiddə panel və tamamlayıcı məhsullar istehsal edəcək. İllik istehsalın 2 milyon kvadrat metr olacağı planlaşdırılır. Beləliklə, birgə müəssisə regionun ən böyük və ən müasir sendviç panel istehsalçısına çevriləcək.