Slovakiyanın nanotexnologiya şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir

Biznes
  • 22 oktyabr, 2021
  • 14:12
Slovakiyanın nanotexnologiya şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir

Slovakiyanın “LADDER” şirkəti Azərbaycan və Gürcüstan bazarında özünə tərəfdaş axtarır.

Bu barədə “Report”a açıqlamasında şirkətin rəhbəri Vladimir Majtan bildirib.

“Bizim tətbiq etdiyimiz nanotexnologiya sistemi koronavirus pandemiyasından, HİV virusundan və digər viruslardan qorunmağa kömək edir. Sistem həmin virusları aşkarlayır və məhv edir. Azərbaycanda bu texnologiyanı istifadə edə bilən bir tərəfdaş axtarıram. Bu texnogiyanın istifadəsi ilə bağlı qarantiya da verilir. Azərbaycanda elə bir tərəfdaş tapmaq istəyirəm ki, dövlətə bu nanotexnologiyanı təklif edə bilsin. Artıq bir şirkətlə müzakirələrimiz olub”.

V.Majtan vurğulayıb ki, Azərbaycana gəlməmişdən öncə Gürcüstanda səfərdə olublar: “Bu ölkədə bir sıra şirkətlərlə görüşlərimiz olub, hazırda danışıqlar davam edir”.

Onun sözlərinə görə, bu sistemin qiyməti 15 min avro təşkil edir.

O qeyd edib ki, bu texnologiyanın patenti 14 il əvvəl Kanadaya məxsus idi, ancaq indi Danimarkada yerləşən zavod tərəfindən istehsal edilir: "Sistem viruslarla mübarizədə çox effektivdir. Kimyəvi deyil və insan sağlamlığına mənfi təsiri yoxdur. Dezinfeksiya və uzunmüddətli səth qorunması sahəsində kompleks bir xidmət təklif edirik”.

Xatırladaq ki, hal-hazırda Azərbaycanda 10-dan çox Slovakiya şirkəti fəaliyyət göstərir.

44 filmi