Slovakiya şirkətlərinin Azərbaycanda investisiya yatırmaq istədikləri sahələr açıqlanıb

Biznes
  • 21 oktyabr, 2021
  • 11:35
Slovakiya şirkətlərinin Azərbaycanda investisiya yatırmaq istədikləri sahələr açıqlanıb

"Slovakiya şirkətləri Azərbaycanda bir sıra sahələrdə əməkdaşlığı və ortaq müəssisələrin yaradılmasını nəzərdən keçirir".

Bunu “Report”a açıqlamasında Slovakiyanın İqtisadiyyat Nazirliyi yanında İnvestisiya və Ticarət Agentliyinin xarici ticarət departamentinin direktor müavini Nataliya Barinkova deyib.

Onun sözlərinə görə, oktyabrın 19-da Slovakiyanın Azərbaycana biznes dairələrinin səfəri başlanılıb: "Məqsədimiz Azərbaycana Slovakiya şirkətlərini gətirmək idi. Bir sıra Slovakiya şirkətlərinin Azərbaycanda tərəfdaşları var idi, bəziləri isə bu səfər vasitəsilə əlaqələrini genişləndirmək istəyirlər".

N. Barinkova bildirib ki, biznes forumda iştirak etmək üçün Slovakiyadan bura 12 şirkət gəlib: “Azərbaycana gələn şirkətlər burda tərəfdaş axtarmaqla yanaşı ortaq müəssisələrin qurulmasında maraqlıdır. Həmçinin, şirkətlər əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək istəyirdilər. Azərbaycana gələn 12 şirkətin arasında maşınqayırma, qida sənayesi kimi bir çox sektorları təmsil edən nümayəndələr var. Düşünürəm ki, enerji sektoru, həmçinin sənaye və qida emalı sektorunda əməkdaşlıq ilə bağlı bir çox təkliflər var. Slovakiya İT Assosiasiyası da azərbaycanlı tərəfdaşlarla əməkdaşlıq etmək və şirkətlər üçün bir tərəfin digərinə ötürə biləcəyi imkanları, fürsətləri araşdırır”.

İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı məsələyə toxunan Slovakiya rəsmisi qeyd edib ki, hər iki ölkənin biznes nümayəndələrinin bir-birinə qarşılıqlı səfərləri hər zaman bu sahədə yeni imkanlar yaradır: “Həmçinin, hər iki ölkənin səfirlikləri bu istiqamətdə daha çox işləyə bilərlər və şirkətləri daha aktiv olmağa dəstəkləyə bilərlər. Biz 2018-ci ildə də Azərbaycanda rəsmi səfərdə olmuşduq. 2018-ci ildən sonra iki ölkə arasında ticarət dövryyəsində dəyişiklik olub. Azərbaycanın Slovakiyaya ixracı artıb. Bu, 2018-ci ildən sonra bizim ikinci səfərimizdir. Biz ümid edirik ki, Azərbaycanın nümayəndə heyəti də Slovakiyaya səfər edəcək. Bununla yanaşı, Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri İvan Korçok Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Slovakiyaya rəsmi səfərə dəvət edib”.

Qeyq edək ki, oktyabın 19-da İvan Korçokun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərdə olub.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Slovakiya arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,7 % artaraq 29 milyon 070 min ABŞ dolları təşkil edib. Slovakiyanın Azərbaycana ixracı 28 milyon 625 min ABŞ dolları, Azərbaycanın Slovakiyaya ixracı isə 445,86 min ABŞ dolları təşkil edib.

44 filmi