​SKMF Lerikdə işgüzar forum keçirib

​SKMF Lerikdə işgüzar forum keçirib Forumda 80-ə yaxın sahibkar iştirak edib
Biznes
23 İyun , 2016 17:26
​SKMF Lerikdə işgüzar forum keçirib

Bakı. 23 iyun. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair Lerik rayonunun Anbu kəndində növbəti işgüzar forum keçirib. 

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, 80-ə yaxın sahibkarın iştirak etdiyi forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Lerikdə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

Forum çərçivəsində Lerikin iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, arıçılıq təsərrüfatlarının, pendir, şirniyyat məhsullarının istehsalı, meyvə və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Eyni zamanda kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Tədbirdə çıxış edən SKMF-nın icraçı direktoru Şirzad Abdullayev vurğulayıb ki, bu ilin ötən dövrü ərzində 1 209 sahibkara 66 mln. manat güzəştli kredit verilib. Onun sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2 800-dən çox yeni iş yerinin yaradılmasına imkan verir: “Bugünədək Lənkəran rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 891 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,6 mln. manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib. Rayonda 10 500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb”.

İşgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 59 sahibkara 516 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasənheyvandarlıq, arıçılıq, çörək istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Lerikdə sahibkarlara güzəştli kredit ayrılıb, gün ərzində 6 ton çörək istehsal etmək gücünə malik müəssisəyə və illik istehsal gücü 3,5 min ton olan quşçuluq fabrikinə baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi