SKMF Lənkəran iqtisadi rayonundakı sahibkarlara 177 min manat güzəştli kredit verib

SKMF Lənkəran iqtisadi rayonundakı sahibkarlara 177 min manat güzəştli kredit verib Fond Astarada sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib
Biznes
4 May , 2017 15:05
SKMF Lənkəran iqtisadi rayonundakı sahibkarlara 177 min manat güzəştli kredit verib

Bakı. 4 may. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Astarada sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirlikdən “Report”a verilən məlumata görə, forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”, cins heyvandarlıq, çayçılıq, istixana, arıçılıq, bağçılıq təsərrüfatlarının və meyvə emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-ə qədər hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-nin icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O, bildirib ki, indiyə qədər Astara rayonundan olan 113 sahibkara 3 milyon manat güzəştli kredit verilib. Ümumilikdə, indiyə qədər Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3100-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 118,7 milyon manat güzəştli kredit ayrılıb, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, çayçılıq, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

İşgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 177 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, heyvandarlıq, əkinçilik, arıçılıq, çayçılıq sahələrinin inkişafına yönəldiləcək.

Forum çərçivəsində Astarada güzəştli kredit ayrılmış çayçılıq və arıçılıq təsərrüfatlarına baxış keçirilib. Ümumilikdə indiyədək, çayçılığın inkişafı ilə bağlı 14 sahibkara 10,7 milyon manat manat, arıçılığın inkişafı ilə əlaqədar isə 390 sahibkara 4,7 milyon manat güzəştli kredit verilib.

Son xəbərlər

Orphus sistemi