"Sınıq Körpü" gömrük-keçid məntəqəsində tikilən Ticarətin Asanlaşdırılması Mərkəzi bu ayın sonunda istifadəyə veriləcək

"Sınıq Körpü" gömrük-keçid məntəqəsində tikilən Ticarətin Asanlaşdırılması Mərkəzi bu ayın sonunda istifadəyə veriləcək Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycan-Gürcüstan sərhəddindəki Sınıq Körpü gömrük-keçid məntəqəsində gözləmələri azaltmaq üçün Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Ticarətin Asanlaşdırılması Mərkəzi tikilir. Mərkəzi bu ayın sonunda istifadəyə veriləcək.
Biznes
12 Sentyabr , 2018 10:40
Sınıq Körpü gömrük-keçid məntəqəsində tikilən Ticarətin Asanlaşdırılması Mərkəzi bu ayın sonunda istifadəyə veriləcək
Report/Elchin Murad
0 : 00
0 : 00

Bakı. 12 sentyabr. REPORT.AZ/ "Azərbaycan-Gürcüstan sərhəddindəki "Sınıq Körpü" gömrük-keçid məntəqəsində gözləmələri azaltmaq üçün Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Ticarətin Asanlaşdırılması Mərkəzi tikilir. Mərkəzi bu ayın sonunda istifadəyə veriləcək". 

"Report" xəbər verir ki, bunu "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

O həmçinin bildirib ki, gömrük işinin keyfiyyətinin artırılması üçün bu ilin yanvar-avqust aylarında komitənin əməkdaşlarının sayı, təxminən, 250 nəfər artırılıb. 

Bundan başqa, onun sözlərinə görə, 8 ay ərzində aparılan işlər nəticəsində 6 155 qanun pozuntusu aşkar edilib: "Bunlardan 458-i cinayət xarakteli daşıyıb və dəyəri 6,135 mln. manat olub. Bu əməllərin törədilməsində şübhəli bilinən 496 nəfərin barəsində müvafiq tədbirlər görülüb ki, onların da 392 Azərbaycan vətəndaşı, 104 əcnəbi olub".

DGK sədri əlavə edib ki, bu ilin 8 ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 150 fakt aşkar olunub:

“Bu faktlar üzrə ümumilikdə 1 ton 19 kq 926 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları: 928 kq 996 qram heroin, 71 kq 601 qram tiryək, 12 kq 741 qram həşiş, 48 qram marixuana, 115 qram metadon, 2,7 qram oksikodon, 1,35 qram hidrokodon, 0,15 qram fenazepam, 1,05 qram ketazolam, 2,5 qram klobazam, 4,86 qram metilfenidat, 0,085 qram zolpidem, 0,625 qram alprazolam, 5 qram fenobarbital, 2,645 qram klonazepam, 1555 qram metamfetamin, 4 kq 845 qram kalium permanqanat və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb”.

S.Mehdiyev həmçinin qeyd edilən dövr ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 169 nəfərin məsuliyyətə cəlb edildiyini qeyd edib:

“Onlardan143-ü kişi və 26-ı qadın olmaqla 132 nəfər Azərbaycan vətəndaşı və 37 nəfər əcnəbi (29 İran, 5 Rusiya, 1 Türkiyə, 1 ABŞ vətəndaşı və 1 Qazaxıstan) barəsində müvafiq tədbirlər görülüb, 17 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları 129 halda İrandan, 4 halda Rusiyadan, 1 halda Gürcüstandan, 1 halda ABŞ-dan Azərbaycana (poçt göndərişləri vasitəsilə), 1 halda İspaniyadan Azərbaycana (poçt göndərişləri vasitəsilə), 3 halda Almaniyadan Azərbaycana (poçt göndərişləri vasitəsilə), 1 halda Qazaxıstandan Azərbaycana gətirilərkən, 1 halda Gürcüstana aparılarkən, 6 halda isə tranzit yolla (2 halda İran-Azərbaycan-Rusiya, 1 halda İran-Azərbaycan-Gürcüstan, 1 halda İran-Azərbaycan-Rusiya-Belarus-Polşa-Almaniya-Niderland, 1 halda İran-Azərbaycan-Türkiyə və 1 halda İran-Azərbaycan-Rusiya-Polşa istiqamətlərində) keçirilərkən saxlanıb. Narkotiklərin qanunsuz keçirilməsi məqsədilə narkoqaçaqmalçılar müxtəlif gizlətmə üsullarından istifadə ediblər. 2018-ci ilin 8 ayı ərzində 51 halda narkotik vasitələrin daxili bədən boşluqlarında (mədədə, düz bağırsaqda və s.) keçirilməsinə cəhdin qarşısı alınıb”.

DGK rəhbəri deyib ki, cari ilin 8 ayı ərzində narkotiklər əsasən cənub istiqamətində ölkəyə gətirilərkən aşkar edilərək qarşısı alınıb:

“Hesabat dövründə həmçinin gömrük orqanlarının əməkdaşları tərəfindən 39 fakt üzrə ümumilikdə güclü təsiredici maddələr olan 64,65 qram boldenon, 2,95 qram drostanolon, 18 qram matandienon, 3,5 qram mesterolone, 19,8 qram methenolone, 48,875 qram nandrolon, 22,5 qram oksimetolon, 1 qram oxsandrolone, 1563 qram preqabalin, 10,25 qram stanozolol, 200,025 qram tramadol, 17,21 qram trenbolon, 178,15 qram tropikamid qanunsuz dövriyyədən çıxarılıb. 2018-ci ilin 8 ayı ərzində Azərbaycan gömrük orqanları tərəfindən aşkar olunmuş 5697 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 205 hüquqi şəxs (o cümlədən 72 xarici hüquqi şəxs) və 5498 fiziki şəxs (o cümlədən 2718 xarici vətəndaş) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 592 min 502 manat cərimə tətbiq olunmaqla, dəyəri 201 min 063 manat olan mallar müsadirə edilib”.

DGK sədri bildirib ki, gömrük qaydaları əleyhinə inzibati xətalar əsasən malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsi, bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi, malların, nəqliyyat vasitələrinin və ya onlara aid sənədlərin müəyyən edilmiş müddətdə təyinat gömrük orqanına çatdırılmaması, onların gömrük ərazisindən müəyyən edilmiş müddətdə kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması, gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma ilə əlaqədar olub:

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına əsasən gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 670 634 ABŞ dolları, 310 207 avro, 15 162 funt sterlinq, 34 865 955 rus rublu, 172 922 Azərbaycan manatı, 6 097 manat dəyərində 6 855 qram gümüş, 931 346 manat dəyərində 1982,942 karat qiymətli daşlar, 5 919 manat dəyərində 1 150 ədəd zinət əşyaları aşkar olunub. Bundan əlavə hesabat dövründə gömrük orqanları tərəfindən 1478 kq balıq, 2201 kq bitki toxumları, 51 ədəd dini kitablar, 48281 manat dəyərində dərman vasitələri, 37964 manat dəyərində baytarlıq dərmanları, 345 manat dəyərində bitki dərmanları, 10 ədəd Çində istehsal olunmuş avtoreqistrator – kameralar, 12 ədəd elektroşoker, 123 ton 120 kq kimyəvi maddə, 9210 qram kürü, 1029 ədəd mobil telefon və 2814 ədəd mobil telefonların aksessuarları, 7755 manat dəyərində 13873 ədəd məişət əşyaları, 54 ədəd odlu silahın patronları, 8795 ədəd ov silahının sursat və ləvazimatları, 479895 ədəd pirotexniki məmulatlar, 7 ədəd pnevmatik silah və 750 ədəd pnevmatik silahın patronları, 3 ədəd qaz silahı, 80 ədəd soyuq silah, 2 ədəd səs-siqnal silahı və 100 ədəd səs-siqnal silahının patronları, 20440 manat dəyərində 171 ədəd tibb ləvazimatları və xeyli miqdarda digər mallar tutulub. Hesabat dövründə həmçinin Azərbaycanın və xarici ölkələrin bədii, tarixi və arxeoloji sərvətlərin qorunması sahəsində tarixi əhəmiyyət kəsb edən 30 ədəd numizmatika, 1 ədəd bel kəməri, 1 ədəd məşrəf, 2 ədəd xurcun hüquqpozmanın predmeti kimi saxlanılıb”.

“Cari ilin hesabat dövründə saxta və ya keyfiyyətsiz mallarla mübarizə, həmçinin yox olmaq təhlükəsi olan heyvan və bitkilər aləminin qorunması sahəsində də proflaktik tədbirlər gücləndirilmişdir. Belə ki, gömrük orqanları tərəfindən saxta və ya keyfiyyətsiz mallarla mübarizə sahəsində 43310 ədəd pirat məhsullar olan kitablar, 23 ədəd 100 ml “Bvlgarı”, 48 ədəd 100 ml “Leau Parkenzo”, 50 ədəd 100 ml “Bleu De Chanel”, 3035 ədəd 100 ml “Nico”, 143 ədəd 75 ml “Aventus”, 95 ədəd 30 ml “Black Afgano” adlı ətirlər aşkar edilərək hüquqpozmanın predmeti kimi götürülüb və toplanmış materiallar qanunvericiliyə uyğun qaydada tədbir görülməsindən ötrü məhkəmə orqanlarına, yox olmaq təhlükəsi olan heyvan və bitkilər aləminin qorunması sahəsində isə 1 ədəd qızılquşlar fəsiləsinin qızılquşlar cinsinə aid olan və Azərbaycanın Qırmızı kitabına daxil olan şahin quşu (falco peregrinius) ilə əlaqədar materiallar isə hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib. Hesabat dövründə gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün həyata keçirilmiş qətiyyətli tədbirlər nəticəsində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 140 416 manat dəyərində 844 580 ədəd xaricdə istehsal olunan siqaretlər, 9 743 manat dəyərində 619,8 litr spirtli içkilər saxlanılıb. Qeyd olunan hüquqpozmalara qarşı mübarizə cari ilin son 5 ayı ərzində daha da gücləndirilib, vergidən yayınma hallarının qarşısı alınaraq hüquqi qiymətin verilmsəi məqsədi ilə istintaq hərəkətləri keçirilib”- Səfər Mehdiyev əlavə edib.

DGK sədri həmçinin deyib ki, ilin əvvəlindən xarici ticarət fəaliyyəti iştirakçılarına 2,05 mln. elektron xidmət göstərilib. Bu isə Komitəni elektron xidmətlər sahəsində ilk yerə çıxarıb. 

Son xəbərlər

Orphus sistemi