Səfirlik: “Qazaxıstanın üç şəhərində Azərbaycan Ticarət Evinin açılması nəzərdə tutulub”

Səfirlik: “Qazaxıstanın üç şəhərində Azərbaycan Ticarət Evinin açılması nəzərdə tutulub” Bakı. 14 sentyabr. REPORT.AZ/ “Azərbaycanın ixrac-idxal əməliyyatlarında vacib yer tutan ölkə kimi son illər qonşu Qazaxıstan azərbaycanlı sahibkarlar üçün xüsusilə cəlbedici olub. Təkcə bu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 56% artıb.
Biznes
14 Sentyabr , 2018 12:36
Səfirlik: “Qazaxıstanın üç şəhərində Azərbaycan Ticarət Evinin açılması nəzərdə tutulub”
0 : 00
0 : 00

Bakı. 14 sentyabr. REPORT.AZ/ “Azərbaycanın ixrac-idxal əməliyyatlarında vacib yer tutan ölkə kimi son illər qonşu Qazaxıstan azərbaycanlı sahibkarlar üçün xüsusilə cəlbedici olub. Təkcə bu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 56% artıb". 

Bu barədə “Report”a Azərbaycanın Qazaxıstandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi artıb: “Əgər ötən il ərzində ümumi ticarət dövriyyəsinin həcmi 142 mln. dollar olmuşdusa, bu ilin altı ayında bu göstərici artıq 117 mln. dollara çatıb. Buna iki ölkə arasında siyasi əlaqələrin, qarşılıqlı hörmət və etimad mühitinin son zamanlar ən yüksək səviyyəyə çatması öz təsirini göstərib. Cari ilin birinci rübündə Qazaxıstan Azərbaycanın 15 ən iri ixracatçısı sırasına daxil olub. Hazırda Azərbaycan Qazaxıstandan taxıl, qara metal, lokomotivlər, dəmir yolu infrastrukturuna aid avadanlıqlar, yanacaq məhsulları, bəzi növ sənaye məhsulları idxal edir və bəzi neft avadanlığı, metalokonstruksiya, kənd təsərrüfatı və yeyinti məhsulları ixrac edir”.

Səfirlikdən bildirilib ki, 2018-ci ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcmi 116,48 mln. dollar, o cümlədən idxalın həcmi 93,43 mln. dollar, ixracın həcmi 23,05 mln. dollar təşkil edib: “Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət dövriyyəsində 56,4, o cümlədən ixracın 67,6, idxalın isə 53,8% artdığını göstərir. İdxalda artım əsasən yanacaq məhsulları, xam neft və buğda, ixracda isə qara metallar, reaktiv kerosin yanacağı, maşın, elektrotexniki avadanlıq, toxuculuq məmulatları və s. hesabına olub. Ölkələrimiz arasında iqtisadi əlaqələr təkcə ticarətlə məhdudlaşmayıb. Azərbaycanlı sərmayədarlar Qazaxıstan iqtisadiyyatına fəal sərmayə yatırır. Azərbaycan şirkətləri ölkədə infrastruktur layihələrinin həyata keçirilməsində fəal iştirak edirlər. Belə ki, Qazaxıstanın müxtəlif vilayətlərində gəmi təmiri zavodu, logistik mərkəz, transformator zavodu, taxıl terminalı, polietilen məhsulları və plastik boru zavodu, pambıq emalı zavodu kimi istehsal müəssisələri Azərbaycan investisiyaları ilə yaradılıb və Azərbaycan şirkətləri bu vilayətlərdə uğurla fəaliyyət göstərir. Bununla yanaşı, bir çox yerlərdə avtomobil yollarının tikintisi, yaşayış binalarının inşası, suvarma sistemlərinin qurulması, su ehtiyat anbarlarının tikintisi, ölkə ərazisindəki yeganə tunelin inşası ilə bağlı tenderlərdə Azərbaycan şirkətləri qalib gəliblər”.

“Bu il Almatı şəhərində keçirilən “KazBuild 2018” XXV beynəlxalq inşaat sərgisinə Azərbaycan şirkətlərinin “Made in Azerbaijan” brendi altında ilk dəfə qatılması da son illər ən yüksək səviyyəyə çatan qarşılıqlı iqtisadi etimadın göstəricisi olub. Azərbaycan tərəfindən ixrac və investisiyalara yüksək dövlət zəmanəti və Qazaxıstandakı əlverişli sərmayə mühiti nəticəsində 14 şirkət Azərbaycanın milli stendində özlərinin istehsal etdikləri tikinti və interyer məhsullarını nümayış etdirib. Qeyd edək ki, Azərbaycan Prezidentinin təlimatına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi məqsədi ilə Qazaxıstanın üç şəhərində Azərbaycan Ticarət Evinin açılması nəzərdə tutulub” – səfirliyin məlumatında deyilir.

Son xəbərlər

Orphus sistemi