Azərbaycanın tikinti şirkətləri Misirin tikinti sektoruna investisiya yatırmaqda maraqlıdırlar.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov Misirin "Əl-Əhram" qəzetinə müsahibəsində deyib.
“Azərbaycanla Misir arasında əməkdaşlığın inkişafı üçün böyük iqtisadi potensial var. Statistik məlumatlarımıza görə, 2023-cü ildə ticarət dövriyyəsi 13 milyon ABŞ dollarından bir qədər çox olub. 2024-cü ildə müəyyən artım gözləyirik”, - o bildirib.
Səfir qeyd edib ki, Azərbaycan və Misir Prezidentləri İlham Əliyev və Əbdülfəttah Əs-Sisi Qahirədə son danışıqlar zamanı əczaçılıq, logistika, nəqliyyat, tikinti, neft-qaz, yaşıl enerji kimi sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi və intensivləşdirilməsinin zəruriliyini, həmçinin təcrübə, bilik və texnologiya mübadiləsinin təşkilinin vacibliyini vurğulayıblar:
“Ağıllı şəhər”lərin və kəndlərin qurulmasında Misirin təcrübəsini öyrənməkdə maraqlıyıq. Torpaqlarımız işğaldan azad edildikdən sonra “ağıllı şəhər”lər, kəndlər salmağa başladıq. Azərbaycanın tikinti şirkətləri də Misirdə bu sahəyə investisiya yatırmaqda maraqlıdırlar. İnanırıq ki, son səfərdən sonra kommersiya və dövlət qurumları arasında kommunikasiyanın intensivliyi əməkdaşlığa yeni təkan verəcək”.
E.Poluxov qeyd edib ki, Misir şirkətlərinin Azərbaycanda həm tikinti, həm də əczaçılıq sahəsində fəaliyyət göstərməsi üçün potensialı var: “Hazırda bizim əsas vəzifəmiz Misirdə ticarət və İnvestisiyaların təşviqi üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasını təşkil etməkdir”.