"Səba"nın səhmdarlarının yığıncağının tarixi dəyişib, gündəliyi genişlənib
- 11 iyul, 2024
- 04:51
“Səba” ASC-nin səhmdarlarının iyulun 28-də, saat 15:00-da keçirilməsi planlaşdırılan növbədənkənar ümumi yığıncağının tarixi iyulun 29-na dəyişdirilib.
"Report" xəbər verir ki, yığıncaq əvvəlcədən elan olunduğu kimi, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında olacaq.
Yığıncağın gündəliyi genişlənib. Belə ki, səhmdarlar "Səba"nın səhmlərinin bir qisminin geri alınması, törəməsi olan "Chicken Pro." MMC-nin satılması ilə yanaşı, "Biləsuvar Aqro" MMC-nin, "Səba"nın törəməsi olan "Qarabağ Taxıl" MMC-yə məxsus "Qarabağ Toxum" MMC-nin, eləcə də "Səba"nın mülkiyyətində olan Hacıqabul rayonunun Atbulaq kəndində yerləşən torpaq sahələrinin satılmasını da müzakirə edəcək. Torpaq sahələrini "Azerbrood" MMC almaq istəyir.
Xatırladaq ki, "Səba" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,8 milyon manatdır. Cəmiyyətin səhmlərinin 37,3%-i Hidayət Quliyevə, yenə də 37,3%-i "Baku Investment Company" MMC-yə, 25%-i İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə, 0,4%-i isə digər 11 fiziki şəxsə məxsusdur.