Sahibkarlar Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklər barədə məlumatlandırılıb

Sahibkarlar Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklər barədə məlumatlandırılıb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Caspian Energy Club”la birgə B2G forumu keçirərək növbəti il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətləri barədə sahibkarlıq subyektlərini məlumatlandırıb.
Biznes
3 Noyabr , 2022 16:48
Sahibkarlar Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklər barədə məlumatlandırılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Caspian Energy Club”la birgə B2G forumu keçirərək növbəti il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətləri barədə sahibkarlıq subyektlərini məlumatlandırıb.

"Report" bu barədə Xidmətə istinadən xəbər verir.

Məlumata görə, 120-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə “Caspian Energy Club”un İdarə Heyətinin sədri Telman Əliyev forumun biznes qarşısında duran məsələlərin müzakirəsi baxımından faydalı olduğunu qeyd edib, klub üzvlərinin vergi qanunvericiliyi ilə bağlı müəyyən məsələlər üzrə vergi rəsmilərindən şərhlər almaq istədiyini diqqətə çatdırıb.

Görüşdə çıxış edən Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva ölkədə aparılan iqtisadi islahatlara adekvat olaraq vergi qanunvericiliyində son dövrlərdə edilmiş dəyişikliklər barədə məlumat verib, dəyişikliklərin mühüm hissəsinin məhz sahibkarların ictimai birlikləri ilə keçirilən görüşlərdə, eyni zamanda yazılı müraciətlərdə bildirilən təkliflər nəzərə alınmaqla həyata keçirildiyini diqqətə çatdırıb.

Forumda tədbir iştirakçılarının yeni dəyişikliklər əlaqədar, eləcə də Vergi Məcəlləsində əvvəlki illərdə edilmiş dəyişikliklər, vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə bağlı sualları cavablandırılıb, səsləndirilən bir sıra təkliflər qeydə alınıb və onların dəyərləndiriləcəyi diqqətə çatdırılıb.

“Caspian Energy Club” 50 ölkədən 5 mindən artıq şirkət və təşkilatı özündə birləşdirən, Xəzər-Qara dəniz və Baltik region dövlətləri ərazisində fəaliyyət göstərən regional təşkilatdır. Qurum 2002-ci ilin iyununda Xəzər-Qara dəniz və Baltik regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi