​Şabranda sahibkarlara 1 mln. manat kredit verilib

​Şabranda sahibkarlara 1 mln. manat kredit verilib Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq
Biznes
6 Avqust , 2015 14:30
​Şabranda sahibkarlara 1 mln. manat kredit verilib

Bakı. 6 avqust. REPORT.AZ/ Avqustun 6-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Şabran rayonunun Rəhimli kəndində keçirib. Bu barədə "Report"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verildiyi, Şabran və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunduğu, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparıldığı, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirildiyi deyilir.

Məlumata görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şabran rayonunda ixtisaslaşdırılmış “yaşıl market”in, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, çörək, şirniyyat və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2015-ci ilin ötən dövrü ərzində ölkə üzrə 3 470-dən çox sahibkara 128,5 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 7 900-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Məlumata görə, ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 020-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 137 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, quru meyvə, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və başqa sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 10 400-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Şabran və ətraf rayonlardan olan 44 sahibkara 1 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, toxumçuluq, bağçılıq, əkinçilik, arıçılıq, logistik mərkəzin inşası və başqa sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Şabran rayonunun Gəndov kəndində güzəştli kreditlərdən istifadə etməklə tikilmiş logistika mərkəzi, üzümçülük təsərrüfatları və Dəvəçi kəndində salınmış meyvə bağına baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi