Bakı. 13 aprel. REPORT.AZ/ Rusiya İxrac Mərkəzi (RİM) gələn il Azərbaycanda ticarət nümayəndəliyi açmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə RİM-ə daxil olan "Eksar" SC-nin müştəri işi və anderraytinq üzrə idarəedici direktoru Nikita Qusakov məlumat verib.
Onun sözlərinə görə, RİM-in Azərbaycandakı ticarət nümayəndəliiyi Cənubi Qafqazda ilk olacaq. N.Qusakov nümayəndəliyin kiçik və orta biznes üçün layihələrlə məşğul olacağını, həmçinin "Azərbaycan Dəmir Yolları" QSC-nin iştirakı ilə, eləcə də "Qazprombank" və SOCAR xətti ilə böyük layihələr nəzərdə tutulduğunu vurğulayıb.
"Bu, kiçik Rusiya şirkətlərinin ixracatını artırmasına və yerli alıcılar arasında Rusiya məhsullarına əlavə tələbat yaratmasına kömək edəcək", - N.Qusakov bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycan RİM üçün əsas bazardır.
Direktor RİM-in Azərbaycanda 14 ixrac layihəsinə, o cümlədən dəmir yolu sektoruna, dəmir yolu vaqonlarının təchizatına, metallurgiya, əczaçılıq, qida sənayesi və digər sahələrə yarım milyard dollar maliyyə vəsaiti yatırdığını bildirib.
N.Qusakov Azərbaycanda Rusiya məhsullarına yüksək tələbat olduğunu da sözlərinə əlavə edib.