Azərbaycan daha iki ölkəyə badam tədarük etməyə başlayıb
- 03 avqust, 2022
- 12:40
Bu ilin ilk 5 ayında Azərbaycandan xaricə 891,13 min ABŞ dolları dəyərində 326,4 ton badam (qabıqlı və qabığı təmizlənmiş) göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 874 dəfə, kəmiyyət olaraq – 10 880 dəfə artıb.
Özbəkistana 450,82 min ABŞ dolları dəyərində 239,3 ton, Rusiyaya 440,2 min ABŞ dolları dəyərində 87,06 ton, İraqa 0,05 min ABŞ dolları dəyərində 0,03 ton, Qazaxıstana 0,04 min ABŞ dolları dəyərində 0,01 ton, Belçikaya 0,02 min ABŞ dolları dəyərində 0,01 ton məhsul satılıb.
On illik fasilənin ardından Qazaxıstana, 5 illik aradan sonra Rusiyaya tədarük bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İraq və Belçikaya ixrac həyata keçirilib.
Qeyd edək ki, ötən il Azərbaycandan xaricə göndərilən 87,23 ton badamın 51 %-i Türkiyənin, 48,9 %-i Özbəkistanın və 0,1 %-i Birləşmiş Ərəb Əmirliklərinin payına düşüb.