Azərbaycan Qətərdə ticarət evi açmaq, “Investment Roadshow” tədbiri keçirmək istəyir.
"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ nazir Mikayıl Cabbarovun Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi ilə keçirdiyi görüşdə müzakirə olunub.
Bundan başqa, görüşdə Azərbaycan və Qətər arasında əlaqələrin inkişaf etdiyi, qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Qətərin Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini dəstəkləməsi yüksək qiymətləndirilir.
İqtisadiyyat naziri bildirib ki, ticarət-investisiya əməkdaşlığı Azərbaycan-Qətər tərəfdaşlığının əsas istiqamətlərindəndir. Ölkələrimizin biznes dairələri arasında fəal işgüzar münasibətlər mövcuddur. İş adamları iqtisadiyyatın müxtəlif sahələri üzrə qarşılıqlı əməkdaşlıq edir, bir sıra Azərbaycan məhsulları Qətər ticarət şəbəkələrində satılır. Vurğulanıb ki, Qətərdə Azərbaycan Ticarət Evinin yaradılması, “Investment Roadshow” tədbirinin təşkili, ixrac potensiallı məhsullar barədə məlumat mübadiləsi və digər tədbirlər iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsinə töhfə verəcək.
Görüşdə Azərbaycanın əlverişli biznes mühiti və iqtisadi potensialı barədə məlumat verilib, sənaye zonalarının, Ələt Azad İqtisadi Zonasının logitsika imkanları diqqətə çatdırılıb.
Qətərli nazir ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində, Qətər şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası və inkişafı ilə bağlı həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu vurğulayıb, Azərbaycan-Qətər iqtisadi əməkdaşlığının inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.